Hər bir dövlətin mövcudluğunun və davamlı inkişafının başlıca şərtlərindən biri onun suverenliyidir. Suverenlik xalqın öz taleyini sərbəst müəyyən etmək, dövlət idarəçiliyini müstəqil həyata keçirmək, ərazi bütövlüyünü və milli maraqlarını qorumaq hüququnu ifadə edir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində bu dəyərlər daim mühüm yer tutub.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlət quruculuğu, hüquqi institutların möhkəmləndirilməsi və milli dövlətçilik ənənələrinin inkişafı istiqamətində mühüm yol keçib. Lakin Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal altında qalması uzun illər ərzində suverenliyimizin ölkənin bütün ərazisində tam həyata keçirilməsinə imkan vermədi.
30 ildən çox davam edən işğala son qoyuldu
30 ildən çox davam edən işğala son qoyulması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biridir. 2020-ci il Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı.
Bu Zəfər Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının tarixi nəticəsi oldu. Şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı hesabına əldə edilən Qələbə dövlət suverenliyimizin tam təmin olunmasına aparan yolun əsasını qoydu.
Laçın nəzarət-buraxılış məntəqəsi - suverenliyin təmin edilməsində mühüm addım
2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədləri üzərində suveren hüquqlarının təmin olunması baxımından mühüm addım oldu.
Bu addım Azərbaycanın öz ərazisində sərhəd nəzarətini və təhlükəsizliyi təmin etmək iradəsini nümayiş etdirdi. Lakin dövlət suverenliyinin tam bərpası üçün həlledici mərhələ hələ qarşıda idi.
“Qarabağ Azərbaycandır və nida işarəsi!”
2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun Qarabağda bərpası təmin edildi və ölkəmizin bütün ərazisində dövlət hakimiyyətinin suverenliyi bərqərar oldu.
Beləliklə, Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” fikri tarixi reallığa çevrildi. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalandı.
Bu tarixi hadisə Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu.
20 Sentyabr - Dövlət Suverenliyi Günü
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi təsbit edildi. Bu tarix Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunmasının rəmzi kimi milli yaddaşımıza daxil oldu.
Dövlət Suverenliyi Gününün təsis edilməsi tarixi hadisənin əbədiləşdirilməsi ilə yanaşı, gələcək nəsillərə müstəqilliyin və suverenliyin qorunmasının dövlətçilik baxımından əhəmiyyətini çatdırmaq məqsədi daşıyır.
Konstitusiya və Suverenlik
2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Konstitusiyanın dövlət müstəqilliyinin, suverenliyin və hüquqi dövlət quruculuğunun əsasını təşkil edən fundamental sənəd kimi əhəmiyyətini bir daha önə çıxardı.
Çünki dövlət suverenliyinin tam bərpası Azərbaycan Konstitusiyasının ölkənin bütün ərazisində hüquqi qüvvəsinin təmin olunması deməkdir.
“20 Sentyabr” - tarixi yaddaşın rəmzi
Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyəti 2026-cı ildə Bakı Metropoliteninin yeni stansiyasına “20 Sentyabr” adının verilməsi ilə daha bir rəmzi ifadəsini tapdı. Bu ad 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə əlaqədar seçilib.
Tarixi hadisələrin şəhər mühitində, məkan və adlarda yaşadılması milli yaddaşın qorunmasının mühüm formasıdır. “20 Sentyabr” adı da Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən birini gələcək nəsillərə daşıyan rəmzlərdən biridir.
Suverenlikdən Böyük Qayıdışa
Dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar və vəzifələr açıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
Böyük Qayıdış dövlət suverenliyinin real nəticələrinin insanların həyatında təcəssümüdür. Azərbaycan bayrağının dalğalandığı, Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunduğu ərazilərdə insanların təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması suverenliyin ən mühüm göstəricilərindəndir.
Suverenlik - gələcəyə məsuliyyət
20 Sentyabr Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli dövlətçilik yolunun, milli iradəsinin və tarixi Zəfərinin rəmzidir. Bu gün həm də gələcəyə baxış günüdür.
Azərbaycanın suverenliyinin qorunması, Konstitusiyanın aliliyinin təmin edilməsi, dövlət institutlarının daha da möhkəmləndirilməsi və milli həmrəyliyin qorunması gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir.
20 Sentyabr bir daha təsdiqlənmiş həqiqəti ifadə edir: suveren dövlətə sahib olmaq xalqın ən böyük milli sərvəti, onu qorumaq isə gələcək nəsillər qarşısında ən mühüm vəzifədir.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri