2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərin məntiqi davamı idi. Bu döyüşlər cəmi 23 saat 43 dəqiqə davam etmişdi. Bu rəqəm Azərbaycan Ordusunun döyüş hazırlığının, gücünün səviyyəsinin göstəricisi oldu. Düşmən təslim oldu. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını təmin etdi. Xankəndi də, Xocalı da, Xocavənd də, Ağdərə də işğaldan azad olundu. Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev prezident seçkilərində, sonra andiçmə mərasimində xalqa inamla demişdi ki, gün gələcək, Azərbaycanın Dövlət Bayrağı işğal altında olan torpaqların hər bir guşəsində qaldırılacaq. Qaldırıldı da! 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı.
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. İşğaldan azad edilmiş ərazidə yeni bir rayon yaradılması dövlətçiliyin daha da möhkəmləndirilməsi oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı. Bu, tarixi Zəfərdən sonra xalqın arzuladığı ən müqəddəs bir niyyətin ifadəsi oldu. Quruculuq işləri bütün rayonlarda vüsət aldı. Xankəndi ciddi dağıntılara məruz qalmadığına görə onun bərpası uzun çəkmədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” yaradıldı. Bu, Azərbaycanda ali təhsilin şəbəkəsinin genişləndirilməsi fonunda Qarabağda ictimai mühitin intellektual səviyyəsinin də yüksəlişini təmin edəcək tədbir kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü elan edildi. Hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu gün Azərbaycan Ordusunun qüdrətinə, onun qazandığı Zəfərə, Azərbaycan dövlətçiliyinə ehtiramın günüdür. Həmin gün Ermənistan silahlı birləşmələri təslim olmuşdu, ordu hissələri də, silahlı birləşmələri də Azərbaycanın ərazilərindən çıxardılmışdı, Azərbaycanın sərhədləri daxilində erməni silahlısı qalmamışdı. Neçə on illərlə erməniliyin ideoloji mərkəzi olan Xankəndidə keçirilən hərbi parad Azərbaycan Ordusunun qüdrətinə inamın, qürurun paradı kimi izlənildi. Bu günün təsis olunmasını Azərbaycan ictimaiyyəti də, dünya dövlətləri də separatçı rejimin özünü buraxmasının qüdrəti bildi...
2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.
Qarabağa qayıdış proqramı Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının nəticəsi idi və bu proqram böyük məsuliyyətlə yerinə yetirilməkdədir. 2026-cı il avqust ayının 17-nə kimi Xankəndinə 76 ailə -- 332 nəfər (Kərkicahan qəsəbəsinə 43 ailə -- 174 nəfər), Xocalıya 144 ailə -- 651 nəfər, Xocavəndə 413 ailə -- 1 614 nəfər, Ağdərəyə 917 ailə -- 3587 nəfər köçüb. Yaşayış məntəqələrində gərəkli infrastruktur da yaradılıb, iş yerləri də açılmaqdadır. Bunlar Böyük Qayıdışın başlanğıcıdır. Yaxın vaxtlarda qayıdış proqramı tam yerinə yetiriləcəkdir.
Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə dəfələrlə olub, burda başlayan, davam edən quruculuq işləri ilə tanış olub, müxtəlif açılış mərasimlərində iştirak edib. Xankəndidə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan böyük komplekslərin açılış mərasimində iştirak edib: 2023-cü il dekabrın 21-də 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüş keçirildi, 2024-cü il martın 18-də Xankəndi şəhərində Novruz tonqalı alovlandırıldı, 2025-ci il iyulun 4-də “Xankəndi” Biznes Mərkəzinin açılışı oldu, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi, 2025-ci il dekabr ayının 24-də Xankəndi şəhərində Zəfər parkının açılışı oldu, ... dövlət başçımız 2024-cü il mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşdü, dövlət başçımızın 2025-ci il dekabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü oldu, ... Daha neçə-neçə belə tədbirlərin hər biri həm ayrılıqda, həm də vəhdətdə Qarabağda quruculuq işlərinin yaxın vaxtlarda tamamlanacağına inamdır...
20 sentyabr tarixi gündür. Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin, rəşadətinin, Azərbaycan dövlətçiliyinin tarixə qətiyyətli sözüdür: Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır!
Səbinə Xasayeva,
Milli Məclisin deputatı