16 sentyabr 2026 11:14
125

Avropa institutlarının bəyan etdiyi prinsiplərlə siyasi davranışları arasında ziddiyyət var - Ramil İskəndərli

Prezident İlham Əliyevin sentyabrın 15-də Avropa institutlarının Azərbaycana münasibəti ilə bağlı səsləndirdiyi fikirlərə ölkəmizin həmin qurumlarla 30 ilə yaxın münasibətlərinin təcrübəsi fonunda baxmaq lazımdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

Onun sözlərinə görə, əsas problem bəzi Avropa institutlarının elan etdikləri universal prinsiplərlə Azərbaycana münasibətdə nümayiş etdirdikləri siyasi davranış arasında yaranmış ziddiyyətdir:  “Avropa siyasi məkanında dövlətlərin suverenliyi, ərazi bütövlüyü, insan hüquqları və qanunun aliliyi fundamental dəyərlər kimi təqdim olunur. Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas sual budur: əgər bu prinsiplər universaldırsa, nə üçün Azərbaycanın ərazi bütövlüyünün pozulduğu uzun illər ərzində onların tətbiqində eyni prinsipiallığı görmədik?”

Ramil İskəndərli qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı həm BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazisinin əhəmiyyətli hissələrinin işğal altında olduğu göstərilirdi. Buna görə də problem məlumatın olmamasında deyil, məlum faktların adekvat siyasi nəticəyə çevrilməməsində idi. “Azərbaycanın Avropa institutlarına münasibətdə əsas məyusluğu da buradan yaranır. Azərbaycanın ərazi bütövlüyü sənədlərdə tanınırdı, lakin həmin prinsipin praktik təminatı üçün eyni siyasi qətiyyət nümayiş etdirilmirdi. 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən cəmi dörd ay sonra AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi isə bu ziddiyyəti daha aydın göstərdi. Azərbaycan ictimaiyyətində haqlı sual yaranır: nə üçün ölkəmizin suverenliyinin pozulduğu dövrdə görmədiyimiz institusional sərtlik suverenliyimiz bərpa edildikdən sonra nümayiş etdirildi?”

AMQF sədrinin fikrincə, məsələ yalnız ayrı-ayrı qətnamələrdən ibarət deyil, beynəlxalq institutlara etimadla bağlıdır: “Beynəlxalq institutun ən mühüm kapitalı etimaddır. Dövlətlər və cəmiyyətlər əmin olmalıdırlar ki, eyni prinsip siyasi simpatiyalardan asılı olmayaraq oxşar vəziyyətlərə eyni şəkildə tətbiq edilir. Əgər insan hüquqları universaldırsa, öz yurdundan didərgin salınmış azərbaycanlının hüquqları da eyni dərəcədə müdafiə edilməli idi. Əgər suverenlik fundamental prinsipdirsə, Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazisində suverenliyini təmin etməsi də həmin prinsip əsasında qiymətləndirilməlidir”.

Ramil İskəndərli Prezident İlham Əliyevin Avropa Parlamentinin daxilində korrupsiya və islamofobiya ilə bağlı səsləndirdiyi fikirlərin də daha geniş institusional etimad məsələsinin tərkib hissəsi olduğunu bildirib: “Başqa dövlətlərdən şəffaflıq, hesabatlılıq və siyasi etika tələb edən qurum həmin standartların ilk növbədə öz daxilində işləməsini təmin etməlidir. Eyni yanaşma islamofobiyaya da aiddir. Avropa insan ləyaqəti, dini azadlıq və ayrı-seçkiliyə qarşı mübarizəni universal dəyər hesab edirsə, müsəlmanlara və onların dini dəyərlərinə münasibətdə də bu prinsiplər istisnasız tətbiq olunmalıdır”. AMQF sədri vurğulayıb ki, Azərbaycanın bəzi Avropa institutlarına yönəltdiyi tənqid Avropa ilə qarşıdurma kimi qiymətləndirilməməlidir:
“Azərbaycan Avropadan xüsusi münasibət və ya güzəşt istəmir. Azərbaycan bərabər münasibət istəyir. Ölkəmiz Avropa ilə enerji, nəqliyyat, iqtisadiyyat, iqlim və digər sahələrdə əməkdaşlığını davam etdirir, eyni zamanda Türk dünyası, İslam aləmi ilə əlaqələrini genişləndirir. Azərbaycan artıq beynəlxalq münasibətlərdə öz milli maraqlarını və müstəqil mövqeyini ardıcıl müdafiə edən dövlətdir. Avropa institutları ilə sağlam münasibətlərin yolu da qarşılıqlı hörmətdən və seçici yanaşmalardan imtinadan keçir. Beynəlxalq hüquq universaldırsa, onun Azərbaycana tətbiqində də istisnalar olmamalıdır”.

Yaqut Ağaşahqızı, “İki sahil”