12 sentyabr 2026 08:16
102

MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədin məxfiliyini aradan qaldırıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2001-ci il 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədin məxfiliyini aradan qaldırıb.

“İki sahil” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. MKİ direktoru Con Retkliff açıqlanan materialları qurumun 11 sentyabr hadisələri ilə bağlı ən böyük kəşfiyyat məlumatı toplusu kimi qiymətləndirib. Sənədlər 1998-ci ilin fevralından 2001-ci il sentyabrın 12-dək olan dövrü əhatə edir və ABŞ prezidentləri Bill Klinton və Corc Buşa təqdim edilmiş gündəlik kəşfiyyat brifinqlərindən ibarətdir.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror hücumları nəticəsində təxminən 3 min nəfər həlak olub. Hücumlar zamanı qaçırılan dörd sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, biri Pentaqona çırpılıb, dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğrayıb.