Yeni araşdırmanın nəticələri göstərib ki, sosial şəbəkələrin mümkün zərərləri barədə istifadəçilərə göstərilən xəbərdarlıq mesajları gənclərin bu platformalarda keçirdikləri vaxtın azalmasına təsir edə bilər.
Tədqiqatçılar hesab edirlər ki, siqaret və alkoqollu məhsulların üzərində onların zərərləri ilə bağlı xəbərdarlıqların yerləşdirilməsi kimi, sosial şəbəkələrdə də istifadəçiləri mümkün risklər barədə məlumatlandıran mexanizmlər tətbiq oluna bilər. Məsələn, istifadəçiyə sosial şəbəkədə olarkən “Sosial şəbəkələrdən istifadə yuxu problemlərinin yaranmasına səbəb ola bilər” və ya “Sosial şəbəkələrdən istifadə uşaqlar və gənclərdə ciddi psixi problemlərlə əlaqələndirilir” kimi xəbərdarlıq mesajları göstərilə bilər.
Qeyd edək ki, bu mesajların təsiri “JAMA Health Forum” jurnalında dərc olunan araşdırmada öyrənilib. Tədqiqat zamanı sosial şəbəkələrdən istifadənin depressiya, narahatlıq, bədən görünüşü ilə bağlı mənfi təsəvvürlərin formalaşması və yuxu rejiminin pozulması kimi mümkün nəticələri barədə məlumat verən xəbərdarlıqlardan istifadə olunub.
Araşdırmanın aparıcı müəllifi, uşaq sağlamlığı üzrə mütəxəssis, həkim Anna Grummon bildirib ki, siqaret və ya alkoqollu məhsullardan fərqli olaraq, sosial şəbəkələrdə sadəcə məhsulun üzərinə xəbərdarlıq yazmaq mümkün deyil. Bu səbəbdən belə mesajların platformalarda açılan bildirişlər formasında istifadə olunması daha məqsədəuyğun hesab edilir.
Tədqiqat çərçivəsində 13-29 yaş arasında olan mindən çox gənc sosial media lentində hərəkət edərkən müxtəlif mövzuları əhatə edən 14 xəbərdarlıq mesajı ilə qarşılaşıb. Xəbərdarlıqlarda sosial şəbəkə asılılığı, yuxu rejiminin pozulması, depressiya, narahatlıq, psixi vəziyyətə mənfi təsirlər və sosial şəbəkələrin gənclər üçün tam təhlükəsiz olduğuna dair kifayət qədər sübutun olmaması kimi məsələlərə diqqət çəkilib.
Araşdırmanın nəticələrinə əsasən, iştirakçılar bu xəbərdarlıqlardan sonra sosial şəbəkələrin psixi vəziyyətləri üçün yarada biləcəyi riskləri daha yaxşı dərk ediblər. Gənclər hər bir mesajı iki sual əsasında qiymətləndiriblər: “Bu mesaj sosial şəbəkədən istifadə etmək istəyinizi nə dərəcədə azaldır?” və “Bu mesaj sosial şəbəkələrdən istifadənin mümkün zərərləri barədə məlumatlılığınızı nə dərəcədə artırır?”
Ən təsirli mesajların isə depressiya və narahatlıq kimi psixi vəziyyətlə bağlı mümkün risklərə diqqət çəkən xəbərdarlıqlar olduğu müəyyənləşib. Tədqiqat müəllifləri hesab edirlər ki, bu cür xəbərdarlıq mesajları gənclərin sosial şəbəkələrdən istifadəsini daha şüurlu şəkildə idarə etmələrinə kömək edə bilər. Onların fikrincə, bu üsul sosial şəbəkələrdə keçirilən vaxtın azaldılması və rəqəmsal vərdişlərin tənzimlənməsi üçün istifadə olunan vasitələrdən birinə çevrilə bilər.
Şahnigar Əhmədova, “İki sahil”