07 sentyabr 2026 13:13
106

İran Cənubi Koreyaya XƏBƏRDARLIQ EDİB: Hörmüz boğazına hərbi qüvvə göndərsə...

İran Xarici İşlər Nazirliyi Koreya Respublikasını Hörmüz boğazına və Fars körfəzinə hərbi kontingent göndərəcəyi təqdirdə bunun ağır nəticələr verəcəyi barədə xəbərdar edib.

“İki sahil” xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai X sosial şəbəkəsində paylaşım edib.

Diplomat iki ölkə arasında 64 ildən artıq tarixi olan münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını və Tehranın Seul ilə dostluq əlaqələrinə önəm verdiyini xatırladıb.

Bununla belə, İsmayıl Baqai mövcud gərginliyi vurğulayaraq bəyan edib: "İran xalqının ABŞ təcavüzünü dəf etdiyi bir şəraitdə, digər dövlətlərin Fars körfəzində və ya Hörmüz boğazında hərbi iştirakı və ya əməliyyatlarda yer alması ABŞ-nin təcavüzünə birbaşa dəstək kimi qiymətləndiriləcək və ciddi fəsadlara səbəb olacaq".

İran rəsmisi suveren dövlətləri Vaşinqtonun təzyiqlərinə təslim olmamağa və İran xalqına qarşı yönəlmiş hərbi təşəbbüslərdə iştirak etməməyə çağırıb.