06 sentyabr 2026 12:47
104

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə və amallarımızda yaşayır

​Şəhidlər and yerimiz, qürur yerimizdir. Şəhidlərimizin canından, qanından keçdiyi, qazilərimizin  uğrunda yarımcan olduğu müqəddəs məkanlar təkcə ziyarətgah deyil, həm də xalqımızın qəhrəmanlıq salnaməsinin canlı yaddaşıdır. Hər məzar daşı bir ömrün, bir amalın, bir Vətən sevgisinin təcəssümüdür. Bu torpaqlar uğrunda canından keçən igidlərimizin adları xalqımızın yaddaşında əbədi yaşayacaq.

​Biz hər bir şəhidimizin adını sevgi və ehtiramla xatırlamalı, onları ürəyimizə və yaddaşımıza yazmalı, gələcək nəsillərə tanıtmalıyıq. Şəhidlərimizin qəhrəmanlıq yolu dillər əzbəri olmalı, onların göstərdiyi şücaət məktəblərdə, ailələrdə, mədəniyyət ocaqlarında daim təbliğ edilməlidir. Çünki Vətəni yaşadan onun qəhrəman övladlarının xatirəsidir.

​Şuşanın hər qayası bir dastandır, hər küçəsi qəhrəmanlıq tariximizin şahididir. O müqəddəs şəhərin daşına, torpağına şəhidlərimizin qanı hopub. Şuşanın azadlığı uğrunda canından keçən oğullarımız Azərbaycan xalqının yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdilər. Bu zəfər yalnız hərbi qələbə deyil, milli birliyimizin, əyilməz iradəmizin və Vətən sevgimizin təntənəsidir.

​Tariximizə və təbiətimizə ehtiram – şəhidlərimizin ruhuna ehtiramdır

​Ancaq son zamanlar Şuşa və ətraf ərazilərdə xoşagəlməz bir hal gözə çarpmaqdadır. Bəzi şəxslər və ziyarətçilər tərəfindən tarixi qayaların, daşların üzərinə sprey boyalarla şəhidlərimizin adlarının yazılması haqlı olarak cəmiyyətdə ciddi ictimai qınağa və narazılığa səbəb olub.
​Biz başa düşürük ki, bu addımı atanlar bəzən bunu ehtiram və sevgidən etdiklərini düşünürlər. Lakin unutmaq olmaz ki, Vətən torpağını, onun   təbiətini, müqəddəs qayalarını rəngli boyalarla korlamaq, yazılarla zədələmək ehtiram göstəricisi deyil. Şəhidlərimiz elə bu qayalar, bu torpaqlar korlanmasın, yad tapdağı altında qalmasın, öz təbii və əzəmətli gözəlliyini qorusun deyə canlarından keçiblər.
​Şəhidin adı qayaların, daşların üzərinə boya ilə deyil, qəlbimizə, yaddaşımıza, tariximizə və tikdiyimiz abad abidələrə yazılmalıdır. Tarixi və təbii irsimizə zərər vurmaqla şəhid adı yaşatmaq doğru deyil. Hər birimiz bu cür hallara qarşı həssas olmalı, təbiətimizi və tariximizi göz bəbəyi kimi qorumalıyıq.
​Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyi olaraq şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların adlarının daim uca tutulmasını hər birimizin mənəvi borcu hesab edirik. Milli-mənəvi dəyərlərimizin, tariximizin və qəhrəmanlıq irsimizin qorunması, gənc nəslə çatdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da eyni məsuliyyət və sevgi ilə davam etdirəcəyik.
​Gəlin şəhidlərimizi tanıyaq, tanıdaq. Onların adlarını qürurla çəkək, qəhrəmanlıq salnamələrini yaşadaq. Lakin bunu tariximizə, təbiətimizə və mədəniyyətimizə hörmət çərçivəsində edək. Çünki şəhidlər ölmür – onlar xalqın qəlbində, Vətənin azad səmasında və Azərbaycanın şanlı tarixində əbədi yaşayırlar. Onların əziz xatirəsi qarşısında baş əyir, ruhlarını sonsuz ehtiram və minnətdarlıqla anırıq.

​Güllü Eldar Tomarlı
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
Kəlağayı Ev Muzeyinin direktoru, AYB - nin üzvü