İctimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, bina və tikililərə, xüsusilə də tarixi və mədəni əhəmiyyət daşıyan obyektlərə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur. Küçələrdə, binaların fasadlarında, abidələrdə və digər ictimai məkanlarda icazəsiz yazılar yazılması, qraffiti çəkilməsi və obyektlərin ilkin görünüşünə xələl gətirən digər hərəkətlər yolverilməzdir. Burada söhbət yalnız hansısa binanın divarının çirkləndirilməsindən getmir. Söhbət şəhər mədəniyyətinə, ictimai əmlaka və cəmiyyətin ümumi dəyərlərinə münasibətdən gedir. Heç bir şəxsin statusu, vəzifəsi, tanınmışlığı və ya cəmiyyətdəki mövqeyi ona bu qaydaları pozmaq üçün üstünlük verməməlidir. İctimai və ya şəxsi əmlaka zərər vurulması konkret olaraq həmin obyektin sahibinə və ya dövlətə maddi ziyan vurmaqla yanaşı, şəhərin ümumi görünüşünə də mənfi təsir göstərir. Xüsusilə tarixi və memarlıq baxımından əhəmiyyətli binalar, abidələr və digər mədəniyyət nümunələri ilə bağlı daha yüksək məsuliyyət tələb olunur. Çünki belə obyektlər yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də qorunmalı olan milli sərvətlərimizdir.
Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə “İki sahil” ə özəl açıqlamasında səsləndirib.
Deputat bildirib ki, bu məsələdə şəhidlərimizin xatirəsinə münasibət də xüsusi həssaslıq tələb edir. Ölkəmizin müxtəlif şəhər və rayonlarında şəhidlərin xatirəsinə ucaldılmış abidələr, yaradılmış parklar və xiyabanlar var. Bu məkanların üzərində yazı yazılması, onların görünüşünə müdaxilə edilməsi və ya hər hansı formada zədələnməsi şəhidlərimizin əziz xatirəsinə hörmətsizlik kimi qiymətləndirilməlidir. Şəhid ailələrinin bu cür hallarla bağlı narahatlığını nəzərə almaq vacibdir. İnsanlarımız öz fikirlərini və mövqelərini ifadə etmək üçün tarixi yerlərə, abidələrə və şəhidlərin xatirəsinə həsr olunmuş məkanlara zərər vuran vasitələrə deyil, daha sivil və qanuni üsullara üstünlük verməlidirlər. Bəzən ictimai məkanlarda qraffiti və müxtəlif yazıların olması Qərb şəhərlərindəki nümunələrlə əsaslandırılır. Lakin hansısa ölkədə və ya şəhərdə mövcud olan bir praktikanın avtomatik şəkildə bizim üçün də doğru nümunə hesab edilməsi düzgün deyil. Dünyanın bir sıra şəhərlərində nəzarətsiz qraffitilərin yaratdığı vizual çirklənmə və şəhər mühitinə vurduğu zərər də bunun göstəricisidir. Əlbəttə, qanunla müəyyən edilmiş, xüsusi ayrılmış məkanlarda incəsənət nümunəsi kimi yaradılan qrafiti ilə tarixi abidənin, yaşayış binasının və ya ictimai əmlakın icazəsiz şəkildə yazılarla korlanmasını eyniləşdirmək olmaz.
Arzuxan Əlizadə qeyd edib ki, nəhayət, belə halların qarşısının alınması yalnız cərimə və ya digər inzibati tədbirlərlə həll ediləcək məsələ deyil. Burada həm hüquqi məsuliyyət, həm ictimai nəzarət, həm də maarifləndirmə mühüm rol oynayır. Zədələnmiş bina, abidə və digər obyektlərin əvvəlki vəziyyətinə qaytarılması əlavə vaxt, maliyyə və resurs tələb edir, tarixi abidələrdə isə qeyri-peşəkar müdaxilə bəzən bərpası mümkün olmayan fəsadlar yarada bilər. Ona görə də şəhərimizin, tarixi irsimizin və şəhidlərimizin xatirəsinin qorunmasına münasibət hər birimiz üçün məsuliyyət məsələsi olmalıdır. Şəhər mədəniyyətinin göstəricilərindən biri də insanın ona məxsus olmayan əmlaka, tarixi irsə və başqasının xatirəsinə necə yanaşmasıdır.
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi