21 avqust 2026 00:18
93

ABŞ “Hizbullah”a maliyyə dəstəyi verən 10 şəxsə sanksiya tətbiq edib

ABŞ hakimiyyəti Livanın “Hizbullah” təşkilatına maliyyə dəstəyi göstərən 10 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, nazirlik “Hizbullah”a maliyyə vəsaitlərinin ötürülməsinə cavabdeh şəbəkənin üzvü olan 10 şəxsi sanksiya siyahısına daxil edib.

Sənədə əsasən, həmin şəbəkə çərçivəsində fəaliyyət göstərən kuryerlər Livan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran arasında kommersiya reysləri ilə uçaraq yüz milyonlarla dollar vəsaitin ötürülməsini həyata keçiriblər. ABŞ tərəfinin məlumatına görə, bu mexanizm “Hizbullah”a xarici valyuta əldə etməyə və sanksiyalardan yayınmağa imkan verib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Vaşinqtonun terrorçu təşkilat kimi tanıdığı “Hizbullah” da yeni sanksiya siyahılarına daxil edilib. ABŞ tərəfi təşkilatın İran və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğunu hesab edir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla bağlı “iqtisadi müharibə və təcrid”in görünməmiş miqyasda başladığını elan edib. ABŞ lideri, həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət strukturları vasitəsilə Tehrana dəstək göstərən ölkələr ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.