Böyük Britaniya hökuməti britaniyalı şahzadə Harri, onun həyat yoldaşı — amerikalı Meqan Markl və uşaqları Birləşmiş Krallığa köçəcəkləri təqdirdə onların mühafizəsini büdcə vəsaitləri hesabına avtomatik olaraq təmin etməyi planlaşdırmır.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "The Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Kral ailəsi üzvlərinin və ictimai şəxslərin mühafizəsi üzrə İcraiyyə Komitəsi nəzdində fəaliyyət göstərən Risklərin Qiymətləndirilməsi Şurası Kral III Çarlzın kiçik oğlunun vəziyyətini hələ mart ayında qiymətləndirməli olsa da, bunu indiyədək etməyib.
Bununla yanaşı, Böyük Britaniyanın Baş naziri Endi Bernem Sasseks hersoqu və hersoginyasının təhlükəsizliyinin təmin edilməsi xərclərini dövlətin ödəyib-ödəməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, polis mühafizəsi məsələsi "Harrinin və Meqanın şəxsi işidir". O, bu cür məsələlərin onun dəftərxanasının səlahiyyətlərinə daxil olmadığını aydın şəkildə bəyan edib.
"The Daily Telegraph" qəzetinin daha əvvəl yaydığı məlumata görə, şahzadə Harri həyat yoldaşı və uşaqları — yeddi yaşlı Arçi və beş yaşlı Lilibet Diana ilə birlikdə altı il əvvəl tərk edərək ABŞ-yə köçdükləri Böyük Britaniyaya artıq avqust ayında qayıdacaqlar. Nəşrin məlumatına əsasən, şahzadə Harri və Meqan Markl krallıq vəzifələrinin icrasına qayıtmayacaqlar.