Çinin Pekin şəhərində keçirilən, 2004-cü ildən təşkil olunan və bu günədək 88 ölkədən müxtəlif komandaları bir araya gətirən nüfuzlu RobotChallenge 2026 robototexnika çempionatının Grand Finalında Milli Aviasiya Akademiyasının (MAA) tələbələri yüksək nəticələr əldə ediblər.
Məlumat verildiyi kimi, 13-14 iyun tarixlərində Bakı Kristal Zalında keçirilən Azərbaycan RobotChallenge olimpiadasının final yarışmasına vəsiqə almış M2135a4 qrupunun magistrantı Fərid Mürşüdlü və “Mexatronika və Robototexnika mühəndisliyi” ixtisasının 2573i qrupunun tələbəsi Rza Qasımov I yeri tutaraq qızıl medalla, “Mexatronika və Robototexnika mühəndisliyi” ixtisasının 2572i qrupunun tələbələri Aqşin Əhmədi, Cəfər Sadıq və Əbülfət Həsənzadə II yeri tutaraq gümüş medalla, 2572i qrupunun tələbəsi Fidan Əzimova isə III yeri tutaraq bürünc medalla təltif olunmuşlar. Qaliblər avqust ayının 6-9 tarixlərində Çində keçirilmiş RobotChallenge olimpiadasının dünya çempionatında iştirak etmək hüququ qazanmış, I yeri tutanların iştirakı dövlət dəstəyi ilə, II və III yeri tutanların iştirakının əsas hissəsi isə MAA tərəfindən qarşılanmışdır.
Pekində keçirilən dünya çempionatında Rza Qasımov və Fərid Mürşüdlü Mini Sumo Adult kateqoriyasında I yeri, Freestyle Adult – Startap və İnnovasiya kateqoriyası üzrə isə “Mexatronika və Robototexnika mühəndisliyi” ixtisasının 2572i qrupunun tələbələri Cəfər Sadıq, Əbülfət Həsənzadə və Aqşin Əhmədli Çin komandasına qarşı cəmi 0,67 bal fərqlə II yerə layiq görülüblər.
Tələbələrimiz tarixi zəfər qazanaraq Azərbaycanın və Akademiyanın bayrağını ən yüksək zirvəyə qaldıra bilmişlər!
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan komandaları məhz bu iki kateqoriyada RobotChallenge tarixində ilkə imza atmışlar.
Bu nəticə tələbələrimizin yüksək mühəndislik hazırlığının, innovativ düşüncəsinin və beynəlxalq rəqabətə hazır peşəkar potensialının parlaq göstəricisidir.
MAA olaraq tələbələrimizi və onları bu uğura hazırlayan akademik heyəti təbrik edir, daha böyük yeni nailiyyətlər arzu edirik!