19 avqust 2026 12:55
99

Kanadanın tətbiq etdiyi boykot ticarət sazişi üzrə danışıqları ləngidir

Kanada əyalətlərinin ABŞ-dən idxal olunan spirtli içkilərə tətbiq etdiyi boykot iki ölkə arasında yeni ticarət sazişinin bağlanması yolunda əsas maneələrdən birinə çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.

ABŞ və Kanada arasında son bir neçə həftə ərzində aparılan danışıqlar ilk növbədə avtomobilllər  və digər sənaye mallarına tətbiq olunan rüsumları əhatə edir. Lakin digər dövlətlərdən fərqli olaraq, ABŞ birtərəfli rüsumlar elan etdikdən sonra Kanada Amerika mallarına cavab məhdudiyyətləri tətbiq edib. ABŞ üçün ən ağrılı addım spirtli içkilərin Kanadaya ixracının kəskin məhdudlaşdırılması olub.

"The Wall Street Journal" qəzeti sahə assosiasiyalarının məlumatlarına istinadla qeyd edir ki, 2025-ci ildə ABŞ-dən Kanadaya tünd spirtli içkilərin ixracı 70% azalıb və rekord dərəcədə aşağı səviyyədə qalmaqda davam edir. Amerika şərablarının Kanadada satışı da 77% aşağı düşüb. "Abacus Data" şirkətinin avqust ayında apardığı rəy sorğusu göstərib ki, kanadalıların 70%-i boykotun saxlanılmasını dəstəkləyir.

Amerika istehsalçıları Kanada ilə ticarət sazişinin bağlanmasını tələb edərək Vaşinqtona təzyiq göstərirlər. Kanada tərəfi isə ABŞ-dən daha əlverişli sövdələşmə şərtləri əldə etmək üçün bu təsir rıçaqından istifadə etməyə davam etmək niyyətindədir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kanada mallarına 50 faizlik gömrük rüsumlarının tətbiqini üç gün müddətinə dayandırdığını bəyan edib. Kanadanın Baş naziri Mark Karni Vaşinqtonun bu tədbirlərin tətbiqini təxirə salmağa və danışıqları davam etdirməyə razılıq verdiyini təsdiqləyib.