Sosial şəbəkələrin gələcəyini kökündən dəyişdirə biləcək tarixi məhkəmə prosesi dünən ABŞ-nin Kaliforniya ştatında münsiflər heyətinin iştirakı ilə başlanıb. Təqsirləndirilən şəxs qismində "Instagram", "Facebook" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti çıxış edir.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, 29 ABŞ ştatının baş prokurorları tərəfindən qaldırılan iddiada "Meta" gənclərdə asılılıq yaradacaq alqoritmlər və mexanizmlər layihələndirməkdə, eləcə də platformaların məlum zərərlərini ictimaiyyətdən gizlətməkdə günahlandırılır.
Hüquqşünaslar və hakim dairələr sosial media platformalarının artıq "ictimai qaydanı pozan bir ünsürə" çevrildiyini vurğulayırlar.
Dava çərçivəsində "Meta" şirkətinə qarşı ağır şərtlər və tələblər irəli sürülüb. Belə ki, şirkətdən 1,4 trilyon dollar məbləğində təzminat ödənilməsi tələb olunur. Gənc istifadəçilər üçün məcburi valideyn doğrulama sisteminin tətbiqi, tövsiyə alqoritmlərinin yenidən işlənməsi və videoların avtomatik səsləndirilməsi (auto-play) funksiyasının ləğvi və gənclərin psixologiyasına mənfi təsir edən foto filtrlərinin platformalardan tamamilə çıxarılması da tələb olunur.
8 həftə davam etməsi gözlənilən məhkəmənin nəticələri təkcə "Meta"nı deyil, eyni zamanda "TikTok", "YouTube", "X" və "Snapchat" kimi digər nəhəng rəqəmsal platformaları da oxşar qaydaları qəbul etməyə məcbur edəcək. Kentukkinin baş prokuroru bu iddianı Amerika tarixində istehlakçıların hüquqlarının müdafiəsi üzrə ən böyük məhkəmə prosesi adlandırıb.
Kaliforniya Baş prokuroru Rob Bonta bildirib ki, "Meta" uşaqların platformalarda daha çox vaxt keçirməsini təmin etmək üçün onları fiziki və mənəvi zərərə uğradacaq sistemlər qurub. O, gəlirləri artırmaq naminə ən həssas təbəqə olan uşaqların istismar edilməsinin qeyri-əxlaqi və qanunsuz olduğunu vurğulayıb.
Polşada miqrantların deportasiyası üçün xüsusi xidmət yaradılması təklif edilir