15 avqust 2026 08:29
91

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

2017-2018-ci illərdə Braziliyada baş verən əsrin ən şiddətli sarı qızdırma epidemiyasına rekord quraqlıq səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Science Advances" jurnalında dərc olunmuş bir araşdırmada bildirilib. Prinston Universitetinin alimi Ceymi Koldvelin rəhbərlik etdiyi qrup müəyyən edib ki, adətən yağışlı havada yayılan virus bu dəfə quraqlıq səbəbindən əks-intuitiv şəkildə alovlanıb. İki il ərzində ölkədə 1376 yoluxma və 483 ölüm halı qeydə alınıb. Xəstəliyin ucqar yerlərdə deyil, böyük şəhərlərdə yayılması alimlərin diqqətini çəkib. Məlum olub ki, Minas Gerais əyalətindəki şiddətli quraqlıq meymunları su axtarışı üçün şəhərlərə köçməyə məcbur edib. Onlarla birlikdə virus daşıyan Haemagogus meşə ağcaqanadları da şəhərlərə miqrasiya edib və virusu buradakı Aedes aegypti ağcaqanadlarına ötürüb. Gələcəkdə quraqlıqların tez-tez təkrarlanacağı gözlənildiyi üçün böyük şəhərlərdə yeni epidemiyaların başvermə riski yüksəkdir.

Sarı qızdırma ağcaqanadlar vasitəsilə ötürülən və 90%-i Afrikada görünən kəskin virus xəstəliyidir. Yüksək temperatur, daxili orqanların zədələnməsi və qanaxma ilə müşayiət olunur. Ağır mərhələyə keçən xəstələrin yarısı 7-10 gün ərzində həyatını itirir.