ABŞ-da "Claude" süni intellekt modeli ilk dəfə olaraq real işçilərin meneceri kimi çıxış edib və onlardan birini işdən çıxarmaq qərarına gəlib.
“İki sahil”in "Time" jurnalına istinadən məlumatına görə, təcrübə "Andon Labs" tədqiqat startapı tərəfindən aparılıb. "Claude" San-Fransiskoda işçilərin qüvvədə olan əmək müqavilələrinin olduğu mağazanı idarə edib.
Qeyd olunur ki, əməkdaş 23 növbədən 17-sinə gecikdiyinə görə işdən çıxarılıb. Əvvəlcə süni intellekt ona rəsmi xəbərdarlıq olunmasını təklif edib, lakin "Andon Labs" meneceri müdaxilə edərək işçi ilə təkrarlanan problemləri qeydə aldıqdan sonra "Claude" onu işdən çıxarmaq qərarına gəlib.
"Andon Labs"ın rəhbəri Lukas Petersson hadisəni süni intellektin inkişafında mühüm mərhələ adlandırıb və gələcəkdə daha çox insanın süni intellekt tərəfindən idarə oluna biləcəyini irəli sürüb.
Lakin təcrübə texnologiyanın ciddi məhdudiyyətlərini ortaya qoyub. "Claude"nin rəhbərliyi altında beş ay ərzində biznesin balansı 100 000 dollardan 61 200 dollara düşüb.