15 avqust 2026 09:30
92

Günəş vannası qəbul edən gənc qadının dərisi qaraldı: Ölümcül xəstəliyin əlaməti imiş

29 yaşlı britaniyalı Porru Qay dərisinin qeyri-adi şəkildə qaraldığını görüb. Sonradan məlum olub ki, bu, ciddi xəstəliyin əlaməti imiş.

“İki sahil” xəbər verir ki, gənc qadının başına gələn hadisə barədə "Daily Mirror" nəşri yazıb.

Məlumata görə, Porru Qay ailəsi ilə birlikdə İspaniyada istirahətdə olarkən günəş vannası qəbul edib. O, dərisinin qızılı rəng alacağını düşünürmüş. Lakin bir müddət sonra dərisinin qara-qəhvəyi rəngə çevrildiyini görüb.

Tezliklə qadında qusma, nəfəs darlığı və başgicəllənmə kimi simptomlar yaranıb. Daha sonra o, huşunu itirib.

Xəstəxanada aparılan müayinələr nəticəsində qadında Addison xəstəliyinin olduğu müəyyənləşib. Bu, böyrəküstü vəzilərin kifayət qədər kortizol və aldosteron hormonları istehsal etməməsi nəticəsində yaranan nadir və ciddi endokrin xəstəlikdir.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatına görə, Addison xəstəliyinin əlamətlərindən biri dərinin qeyri-adi şəkildə qaralmasıdır. Xəstəlik, həmçinin güclü yorğunluq, çəki itkisi, ürəkbulanma, qarınağrısı və başgicəllənməyə səbəb ola bilər.

Xəstəliyi tamamilə müalicə etmək mümkün olmasa da, dərman vasitəsilə nəzarətdə saxlamaq mümkündür.