Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişafının əsas istiqamətlərini geniş və sistemli şəkildə nümayiş etdirir. Müsahibədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsindən sənayeləşməyə, enerji təhlükəsizliyindən bərpaolunan enerji imkanlarına, kənd təsərrüfatından sosial xidmətlərə, nəqliyyat dəhlizlərindən isə Azərbaycanın milli maraqları baxımından strateji əhəmiyyət daşıyan Naxçıvan bağlantısına qədər bir sıra mühüm məsələlərə toxunulub.
Naxçıvanın Azərbaycanın təhlükəsizlik sistemində xüsusi mövqeyi coğrafi və geosiyasi xüsusiyyətlərlə şərtlənir. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması burada təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Prezident İlham Əliyevin müsahibəsində müdafiə potensialının gücləndirilməsini “birinci şərt” kimi təqdim etməsi də məhz bu reallığın ifadəsidir. Son illərdə Naxçıvanda hərbi infrastrukturun təkmilləşdirilməsi, silahlı qüvvələrin ən müasir texnika ilə təchiz edilməsi və yeni komando qüvvələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Səfər çərçivəsində bayrağın təqdim edilməsi mərasimində Naxçıvanın hərbi gücünün nümayiş etdirilməsi də bu prosesin real nəticələrinin göstəricisidir. Dövlətimizin başçısı qeyd edib: “Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”.
Naxçıvanda Əlahiddə Ordunun yaradılması isə muxtar respublikanın təhlükəsizlik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilmiş strateji qərarlardan biridir. Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olmaqla Naxçıvanın müdafiəsinin etibarlı təminatında mühüm rol oynayır. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması ölkənin hərbi qüdrətinin göstəricilərindən biri kimi çıxış edir. Bu qüdrətin Naxçıvan istiqamətində də davamlı şəkildə artırılması muxtar respublikanın təhlükəsizliyinin uzunmüddətli təminatına xidmət edir.
Naxçıvanın təhlükəsizliyinin möhkəmləndirilməsi onun sosial-iqtisadi inkişafı ilə paralel aparılır. Çünki müasir dövrdə təhlükəsizlik yalnız hərbi imkanlarla ölçülmür. Enerji, ərzaq, nəqliyyat, iqtisadi və sosial təhlükəsizlik də ümumi milli təhlükəsizliyin mühüm komponentləridir. Bu baxımdan Prezident İlham Əliyevin müsahibəsində hərbi potensialla yanaşı, sənaye, enerji, kənd təsərrüfatı və sosial təminat məsələlərini vurğulaması vahid strateji yanaşmanın göstəricisidir.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi inkişafında mühüm hadisədir. Azərbaycanda son illərdə yaradılan sənaye parkları ölkənin sənayeləşmə siyasətinin əsas alətlərindən birinə çevrilib. Bu parklar yeni istehsal sahələrinin yaradılmasına, investisiyaların cəlb edilməsinə, ixrac potensialının artırılmasına və məşğulluğun genişləndirilməsinə imkan yaradır. Naxçıvan Sənaye Parkının ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı kimi təqdim olunması layihənin miqyasını və qarşıya qoyulan hədəflərin böyüklüyünü təsdiqləyir. Bu layihə Naxçıvanda yeni iş yerlərinin yaradılması, istehsal imkanlarının genişləndirilməsi və sahibkarlığın inkişafı baxımından mühüm perspektivlər yaradır. Daha önəmlisi isə sənaye parkının enerji infrastrukturu ilə paralel şəkildə inkişaf etdirilməsidir.
Naxçıvanın sosial-iqtisadi inkişafında kənd təsərrüfatı da xüsusi əhəmiyyət daşıyır. Yaxın aylarda qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvan üçün xüsusi yer ayrılıb və bunun üçün müvafiq vəsait nəzərdə tutulub. Burada əsas məsələlərdən biri suvarma imkanlarının genişləndirilməsidir. Artezian quyularının qazılması, müasir suvarma sistemlərinin quraşdırılması və hazırda suvarılmayan torpaqların su ilə təmin olunması kənd təsərrüfatının inkişafına ciddi təkan verə bilər. Bu layihələr kənd təsərrüfatı istehsalının genişlənməsinə, torpaqlardan daha səmərəli istifadəyə və kənd yerlərində məşğulluğun artmasına imkan yaradacaq. Beləliklə, Naxçıvanın inkişaf modeli yalnız sənaye və enerji layihələrinə deyil, kənd təsərrüfatının potensialının tam reallaşdırılmasına da əsaslanır.
Naxçıvanın strateji əhəmiyyətini artıran əsas amillərdən biri onun regional nəqliyyat sistemindəki potensial roludur. Prezident İlham Əliyevin müsahibəsində “yeni nəqliyyat damarlarının” yaradılmasını qeyd etməsi Naxçıvanın gələcəkdə daha geniş coğrafiyanın nəqliyyat xəritəsində mühüm yer tuta biləcəyinin göstəricisidir. Bu baxımdan Zəngəzur dəhlizi məsələsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması Azərbaycanın uzunmüddətli strateji hədəflərindən biridir. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda bu məsələ ayrıca əksini tapıb. Həmin sənədin 9-cu bəndində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə yanaşı, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin edilməsi məsələsi də öz əksini tapıb. Azərbaycan üçün bu bağlantının əhəmiyyəti yalnız Naxçıvanla əlaqənin bərpası ilə məhdudlaşmır. Layihə Şərq-Qərb nəqliyyat marşrutunun mühüm həlqəsinə çevrilə və Azərbaycanı regional tranzit imkanları baxımından daha əlverişli mövqeyə çıxaracaqdır.
Zəngəzur dəhlizi məsələsi Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra formalaşmış yeni regional reallıqlar çərçivəsində irəli sürdüyü əsas strateji təşəbbüslərdən biridir. Azərbaycanın məqsədi ölkənin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı və dayanıqlı nəqliyyat bağlantısının yaradılmasıdır. Bu bağlantının reallaşması Naxçıvanın iqtisadi imkanlarını genişləndirəcək, Türkiyə ilə birbaşa quru əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq və Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafına əlavə impuls verəcək. Bu mənada Naxçıvan məsələsi yalnız regional və ya lokal məsələ deyil. Azərbaycanın geoiqtisadi mövqeyinin gücləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və regional əməkdaşlıq üçün yeni imkanların yaradılması ilə birbaşa bağlıdır.
Bu gün qarşıya qoyulan məqsəd muxtar respublikanın mövcud potensialını qorumaqla kifayətlənmək deyil, həmin potensialı yeni iqtisadi və geostrateji imkanlara çevirməkdir. Naxçıvanın enerji istehsalçısı və ixracatçısı, sənaye və logistika mərkəzi kimi inkişaf etdirilməsi, kənd təsərrüfatı imkanlarının genişləndirilməsi və müdafiə potensialının daha da gücləndirilməsi bu strategiyanın əsas elementləridir. Dövlətimizin başçısının səfəri Naxçıvanın inkişafında yeni mərhələnin mühüm siyasi və iqtisadi mesajlarını özündə əks etdirən əlamətdar hadisə kimi dəyərləndirilir.
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini