09 avqust 2026 22:59
86

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Almaniya kritik infrastruktur obyektlərinin dron hücumlarından qorunmasını gücləndirir.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, daxili işlər naziri Aleksander Dobrindt Leypsiq-Halle hava limanında partlayıcı ilə təchiz edilmiş dronun aşkarlanmasından sonra federal polisin dronlara qarşı mübarizə bölməsinin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.

Nəşrin hökumət dairələrindən əldə etdiyi məlumata görə, xüsusi təyinatlı bölmənin şəxsi heyətinin sayının təxminən 150-dən 300 nəfərə çatdırılması planlaşdırılır. Eyni zamanda, əməliyyat bazalarının sayı 4-dən 8-ə yüksəldiləcək. Bununla da hava limanları, hərbi obyektlər və mühüm logistika mərkəzləri kimi strateji məkanlara təhlükə zamanı daha operativ müdaxilə imkanları artırılacaq.

Yeni məntəqələrin dronları aşkar edən, onların idarəetmə siqnallarını bloklayan və zərərsizləşdirən müasir texnologiyalarla təchiz ediləcəyi bildirilir.