07 avqust 2026 10:44
101

Leypsiq hava limanında tapılan dron dörd saatdan çox orada olub

Leypsiq/Halle hava limanında aşkarlanan partlayıcı maddə daşıyan dron dörd saatdan çox müddət ərzində heç kim tərəfindən fərq edilməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, müstəntiqlər hava limanının təhlükəsizlik kameralarının görüntülərini təhlil ediblər. Görüntülərdən məlum olur ki, pilotsuz uçuş aparatı (PUA) hələ çərşənbə axşamı axşam saat 19:30-da Ukraynaya məxsus "An" yük təyyarəsinin yaxınlığında olub. Yalnız saat 23:42-də avtobus sürücüsü aşağı hündürlükdə uçan dronu görüb və iddialara görə, onu ayaq zərbəsi ilə zərərsizləşdirib.

Qəzet yazır ki, dron yükatma qurğusu və iki SIM-kartla təchiz olunub. Müstəntiqlər onların təyinatını araşdırırlar: versiyalardan birinə görə, kartlardan biri naviqasiya, digəri isə yükü atan mexanizmin aktivləşdirilməsi üçün nəzərdə tutula bilərdi.

Drona bərkidilmiş boş konserv qutusunun içərisinə "Semtex" tipli partlayıcı maddə yerləşdirilib.