İspaniya və Ekvador "Europol"un dəstəyi ilə beynəlxalq narkotik ticarəti şəbəkəsinə qarşı birgə əməliyyat keçirib.
“İki sahil” "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniya Milli Polisinin bəyanatında bildirilir.
Qurumun məlumatına görə, əməliyyat nəticəsində 21 ton kokain müsadirə edilib, həmçinin 44 şübhəli saxlanılıb.
Qeyd olunur ki, istintaq Cənubi Amerikadan İspaniyaya narkotik tədarükü ilə məşğul olan və Dubaydan olan investorlar tərəfindən maliyyələşdirilən transmilli cinayətkar şəbəkənin fəaliyyətini əhatə edib. Kokain əsasən Ekvadorun Quayakil limanı vasitəsilə göndərilən adi yüklərin içərisində gizlədilib.
Xatırladılıb ki, ilk saxlanılmalar 2025-ci ilin martında Ekvadorda həyata keçirilib. O zaman yerli polis 36 nəfəri saxlayıb və 50 obyektdə axtarış aparıb. Daha sonra İspaniya hüquq-mühafizə orqanları daha səkkiz şübhəlini həbs edib, silsilə axtarışlar aparıb və 1 milyon avro məbləğində nəğd pul müsadirə edib.