Yaxın Şərqdə xidmət edən bəzi amerikalı hərbçilərə mobil telefonlarını təhvil vermək əmri verilə bilər. Buna səbəb çəkilən videoların sosial şəbəkələrdə paylaşılmasının İrana ABŞ obyektlərinə zərbələri daha effektiv dəqiqləşdirməyə kömək edə biləcəyi ilə bağlı narahatlıqlardır.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper hərbçilərə ünvanladığı məktubda bu cür məlumatların dərc olunmasının risklərini vurğulayıb. Mətndə qeyd olunur ki, İran sosial şəbəkələrdəki video və şəkillərdən öz hücumlarının effektivliyini real vaxt rejimində qiymətləndirmək üçün istifadə edə bilər. Kuperin sözlərinə görə, bu növ məlumatların paylaşılması Fars körfəzi ölkələrində «amerikalı hərbçilərin və mülki şəxslərin həyatı bahasına baş başa gələ bilər». Admiral hərbçiləri «əməliyyatların təhlükəsizliyinə daha çox diqqət yetirməyə» çağırsa da, konkret tədbirlər göstərməyib.
"Reuters" agentliyinin mənbələri bildirib ki, İordaniyadakı bəzi ABŞ hərbçilərinə yaxın günlərdə telefonlarını təhvil vermək əmr olunub. Agentliyin həmsöhbətlərindən biri bu tədbirin regionun digər ölkələrində də tətbiq edilə biləcəyini qeyd edib.
Nəşr vurğulayır ki, bu ayın əvvəlində internetdə amerikalı əsgərlərin İrandakı aviasiya bazasına endirilən zərbədən sonra sığınacağa qaçdığını əks etdirən video sızmışdı. Sözügedən kadrlar hərbçilərdən biri tərəfindən "Meta" şirkətinin ağıllı eynəkləri vasitəsilə çəkilmişdi.