28 iyul 2026 12:53
109

Universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Müdafiə sənayesi məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən “AZROKSAN” MMC-nin rəhbərliyi Azərbaycan Texniki Universitetində (AzTU) olub.

“İki sahil” xəbər verir ki, universitetdən bildirilib ki, görüşdə rektor Vilayət Vəliyev AzTU-nun müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində ixtisaslaşmış kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin universitetin müdafiə sənayesi üçün kadr hazırlayan Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyətindən bəhs edib. Bildirib ki, fakültə müdafiə sənayesi müəssisələrinin kadr ehtiyaclarının ödənilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və universitet–sənaye əməkdaşlığının inkişaf etdirilməsi baxımından geniş imkanlara malikdir.

Sonra çıxış edən “AZROKSAN” şirkətinin icraçı direktoru Mehmet Ali Tahancalio AzTU-nun müdafiə sənayesi istiqamətində həyata keçirdiyi fəaliyyəti diqqətlə izlədiklərini bildirib. O, müdafiə sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də tələbələrin istehsalat təcrübələrinə və digər təcrübə proqramlarına cəlb olunması istiqamətində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb. Mehmet Ali Tahancalio universitetlə şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsinin və əməkdaşlıq haqqında memorandumun imzalanmasının əhəmiyyətini qeyd edib.

Görüş zamanı tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, istehsalat təcrübələrinin təşkili və universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.