26 iyul 2026 17:24
94

Xorvatiya ilə Monteneqro arasındakı problemlər Aİ-yə inteqrasiya prosesini ləngidə bilər

Xorvatiya ilə Monteneqro arasında uzun illərdir həllini tapmayan ikitərəfli məsələlər yenidən gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, Xorvatiya tərəfi bildirib ki, açıq qalan problemlər Monteneqronun Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların gedişinə təsir göstərə bilər.

Zaqrebin mövqeyinə görə, iki ölkə arasında əsas mübahisə mövzuları 1990-cı illərdə baş vermiş müharibə ilə bağlı açılmamış məsələlər, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, hərbi cinayətlərin araşdırılması, Adriatik dənizində sərhədlərin delimitasiyası və “Jadran” təlim gəmisinin statusu ilə bağlıdır.

Xorvatiya rəsmiləri bu məsələlər üzrə irəliləyiş əldə olunmasının ikitərəfli münasibətlərin inkişafı və Monteneqronun Aİ-yə inteqrasiya prosesinin davam etməsi baxımından vacib olduğunu bildirirlər.

Monteneqro hazırda Aİ-yə üzvlük üzrə danışıqlarda ən irəlidə olan Qərbi Balkan ölkələrindən biridir. Ölkə indiyədək danışıqlar fəsillərinin əhəmiyyətli hissəsini açıb və onların bir qismini müvəqqəti bağlayıb.

Qeyd edək ki, Aİ-yə yeni üzvlərin qəbulu bütün üzv dövlətlərin yekdil razılığını tələb edir. Bu səbəbdən Xorvatiya ilə Monteneqro arasında açıq qalan ikitərəfli məsələlərin həlli Podqoritsanın Aİ-yə üzvlük prosesinin gələcək mərhələləri üçün mühüm əhəmiyyət daşıyır.