Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Rusiyanın logistika və enerji obyektlərinə zərbələr endirdiyini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı teleqram kanalında məlumat yayıb.
V.Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Tümen, Kirov və Rostov-na-Donudakı obyektlərə zərbələr endirib.
Ukrayna lideri vurğulayıb ki, zərbələrin endirildiyi bəzi obyektlərə qədər olan məsafə təxminən 1200 km təşkil edib.
"Ukrayna Rusiyanın zərbələrinə cavab olaraq uzaqmənzilli zərbələr endirməyə davam edir. Bu gecə müdafiə qüvvələri Rusiyanın öz zərbələrini endirmək üçün istifadə etdiyi vasitələrin komponentlərinin tədarük olunduğu Kirovdakı müəsisəyə zərbə endirib. Eyni zamanda, Tümendəki neft emalı zavoduna, Yekaterinburqdakı logistika obyektinə, Rostov-na-Donudakı yanacaq-sürtkü materialları anbarına zərbələr endirilib", - o qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Xəzər dənizi akvatoriyasında da uzaqmənzilli zərbələrin çox yaxşı nəticələri var:
"Xüsusən də, bunlar İrandan hərbi yüklərin daşınmasına cəlb edilmiş gəmilər və bir hərbi gəmidir".