25 iyul 2026 13:41
85

Yayın ortasında payız fəsli: Türkiyənin 35 vilayətində leysan yağışları

Türkiyənin 35 vilayətində leysan yağışları proqnozlaşdırılır, bununla bağlı “sarı” xəbərdarlıq səviyyəsi elan edilib.

“İki sahil” xəbər verir ki, Türkiyə Meteorologiya İdarəsi əhaliyə xəbərdarlıq edib.

Ankara və İstanbul kimi böyük şəhərlərdə yaşayan insanlar da daxil olmaqla, əhaliyə ölkənin böyük hissəsini təsiri altına alan leysan yağışları ilə bağlı tədbirli olmaq tövsiyə edilib. Bəzi yerlərdə temperatur 15 dərəcəyə qədər düşüb.

Paytaxtda səhər saatlarında yağan leysan yağışları nəticəsində mərkəzi ərazilərdə bir neçə yolu su basıb. Ankaranın kanalizasiya sistemində problemlər yaranıb, subasmalar nəqliyyatın hərəkətini pozub. Su yeraltı keçidləri də basıb. Paytaxtın Mamak rayonunda asfalt çöküb və avtomobillər yaranan çuxura düşüb.

İstanbulda leysan yağışlarından qaçan sakinlər metroya sığınıblar. Daşqınlar metropolitenin Avropa hissəsindəki Küçükçekmece, Bakırköy, Bahçelievler, Sultanqazi və Şişli rayonlarında problemlər yaradıb.

Leysan yağışlarının bazar gününə qədər fasilələrlə davam edəcəyi gözlənilir.