İlk insan yaşayış məskənlərindən sayılan Azərbaycan ərazisi tarixi abidələrlə zəngindir. Onlara ölkəmizin hər bir guşəsində rast gəlmək olar. Torpağın üstündə gözlə görünənlərin böyük əksəriyyəti tədqiq edilərək qiymətləndirilib. Lakin torpağın altında yatan tariximiz haqqında əhatəli elmi axtarışlar hələ də davam etməkdədir. Belə yaşayış məskənlərimizdən biri Qəbələ rayonudur. Bu yaxınlarda qədim abidələrlə dolu olan Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində 10-dan artıq bürc yeri aşkar edilib. Bu ərazidə mövcud olmuş Girdman dövləti xarici müdaxiləçilərə qarşı mübarizə aparmaq məqsədi ilə qalalar, istinad divarları, möhkəm müdafiə sədləri tikmişdir. Kilsədağ məbədi də belə hərbi obyektlərdən biri kimi səciyyələnir.
Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, 2025-ci ildə Kilsədağ məbədlər kompleksi ətrafında formalaşan akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilmişdir.
2026-cı ildə isə mövcud bürc yerləri və qala divarlarının strukturunun müəyyən edilməsi istiqamətində tədqiqat sahəsinin əhatə dairəsi genişləndirilib. Tədqiqat sahəsində aparılmış kəşfiyyat qazıntıları nəticəsində müəyyən olunub ki, kompleksin ərazisini əhatə edən bürc yerlərinin sayı 10-dan artıqdır. Arxeoloji qazıntılar zamanı dairəvi məbəd kompleksinin şərq hissəsini əhatələyən qala divarları və ona paralel olan üç bürc yeri iki kvadratda aşkara çıxarılıb.
Kilsədağda aparılmış çöl tədqiqatları nəticəsində müəyyən edilib ki, qala divarları və bürc yerləri təkcə dairəvi məbəd kompleksi ilə məhdudlaşmayıb. SSRİ dövründə Əmilidağ ərazisində 100 hektarlarla sahəni əhatə edən Qəbələ Radiolokasiya Stansiyasının (RLS) inşası zamanı abidənin yerləşdiyi sahənin şimal-şərq hissəsini əhatə edib. Amma keçən əsrin təxminən ortalarında abidənin yerləşdiyi ərazi ciddi şəkildə dağıdılaraq ərazidə döyüş növbətçiliyi üçün səngər və hava hücumundan müdafiə sistemləri üçün xəndəklər və digər hərbi təyinatlı tikililər inşa edilib. Qeyd edək ki, SSRİ Müdafiə Nazirliyinin müvafiq qurumları bu stansiya vasitəsi ilə Şərq ölkələrinin hava məkanlarına nəzarət edirdi. Yəni, Sovet imperiyası yalnız öz iddialarını və hərbi məqsədlərini həyata keçirmək üçün “müttəfiq” respublikaların tarixini, memarlıq abidələrini darmadağın etməkdən belə çəkinmirdi. Buna qarşı çıxmaq isə qətiyyən mümkün deyildi. Əslində radiolokasiya stansiyası Azərbaycanın mülkiyyəti olsa da bir nəfər azərbaycanlı oraya ayaq basa bilməzdi. Hətta onun haqqında bilgi toplamaq yasaq idi. RLS-in yaxınlığından belə keçənlərə şübhəli şəxslər kimi baxır, istintaqa, çək-çevirə salınırdılar. Yaxşı ki, bu “qorxulu yuxular” bizi ayıltdı.
Kilsədağ məbədləri göstərir ki, onlar hərbi və tarixi baxımdan qiymətli olduqları kimi, arxitektura və memarlığımızın yaşından və inkişafından da xəbər verir. Qeyd edək ki, builki sözügedən arxeoloji tədqiqat işləri iyunun 1-dən 15-nə qədər tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə aparılıb. Bu, Kilsədağ məbədlər kompleksi ətrafında 2022-ci ildən etibarən aparılan çöl tədqiqatlarının artıq beşinci mövsümüdür. Bu mövsümdə də arxeoloji tədqiqatlar mövcud tikili qatlarının memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində davam etdirilib.
Qəbələdə tədqiq olunmamış hələ çox abidələrimiz var. Müstəqilliyimizin bizə bir töhfəsidir ki, daha heç kimdən asılı deyilik, öz tariximizin, memarlıq abidələrimizin sahibiyik və dünyanın sivil xalqlarından biri olduğumuzu belə mötəbər faktlarla sübut edə bilirik.
Vəli İlyasov, “İki sahil”