21 iyul 2026 14:50
68

22 İyul - Milli Mətbuat Günü: Sözə sədaqət, elmə xidmət

Azərbaycan milli mətbuatının tarixi xalqımızın maarifçilik düşüncəsinin, azad sözə, həqiqətə və milli oyanış ideyalarına olan ehtiyacının parlaq ifadəsidir. Bu şərəfli yolun başlanğıcı 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan milli mətbuatının bünövrəsini yaradıb, xalqın maariflənməsi, ana dilinin inkişafı, milli özünüdərk və ictimai düşüncənin formalaşması istiqamətində misilsiz xidmətlər göstərib. Zaman keçdikcə “Əkinçi”nin ideyaları yeni nəsil jurnalistlər tərəfindən davam etdirilib, Azərbaycan mətbuatı zəngin ənənələr formalaşdıraraq böyük inkişaf yolu keçib. Bu yolun ən parlaq simalarından biri görkəmli jurnalist, publisist, pedaqoq və ictimai xadim Nəsir İmanquliyev olub.

“İki sahil” xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyevanın AZƏRTAC-a təqdim etdiyi “22 İyul - Milli Mətbuat Günü: Sözə sədaqət, elmə xidmət” sərlövhəli məqaləsində yer alıb. Məqalədə qeyd edilir ki, Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının inkişafına həsr edib, sözə məsuliyyətlə yanaşmağın, jurnalist etikasının və peşəkar fəaliyyətin rəmzinə çevrilib. Azərbaycanın Əməkdar jurnalisti və Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülmüş Nəsir müəllim yalnız qəzet redaktoru deyildi. O, bütöv bir jurnalistika məktəbi yaratmış, yüzlərlə gənc qələm sahibinin peşəkar və mənəvi formalaşmasına rəhbərlik etmiş böyük müəllim idi.

Onun rəhbərliyi ilə 1958-ci ildə fəaliyyətə başlayan “Bakı” axşam qəzeti və sonralar nəşr olunan rusdilli “Baku” qəzeti uzun illər Azərbaycan jurnalistikasının nüfuzlu mətbuat orqanlarından biri olub. Bu qəzetlər yalnız gündəlik xəbərlərin yayımı ilə kifayətlənmir, cəmiyyətin problemlərini, insanların taleyini, mədəni həyatı, sosial məsələləri və ictimai prosesləri peşəkarlıqla işıqlandırırdı.

Nəsir İmanquliyevin rəhbərlik etdiyi redaksiyada operativlik, obyektivlik, dəqiqlik, faktlara hörmət, ana dilinin saflığı və yüksək peşə etikası əsas prinsiplər hesab olunurdu. Onun ən böyük xidmətlərindən biri də jurnalist kadrlarının yetişdirilməsi olub. Nəsir müəllim gənc qələm sahiblərinə peşənin yalnız texniki tərəflərini deyil, sözün müqəddəsliyini, həqiqətə sədaqəti, faktın düzgünlüyünü və oxucu qarşısında məsuliyyəti öyrədirdi.

Bu böyük jurnalistika məktəbinin layiqli yetirmələrindən biri də mənim atam - “Tərəqqi” medallı, “Qızıl qələm” mükafatı laureatı, tanınmış jurnalist Ənvər Məşədiyevdir. O, əmək fəaliyyətinə məhz Nəsir İmanquliyevin xeyir-duası ilə “Bakı” qəzetində başlayıb. Müxbirlikdən şöbə müdirliyinə, daha sonra baş redaktor müavini vəzifəsinə qədər yüksələn atam yarım əsrə yaxın müddətdə jurnalistika peşəsinə vicdanla xidmət göstərməkdədir. Onun peşə fəaliyyətində mühüm xüsusiyyətlərdən biri insan taleyinə həssas münasibətidir. Xüsusilə məktublar şöbəsinə rəhbərlik etdiyi illərdə minlərlə vətəndaşın müraciəti diqqətlə araşdırılır, haqsızlığa məruz qalan insanların səsi qəzet vasitəsilə aidiyyəti qurumlara çatdırılırdı.

Bu gün elmi fəaliyyətimin, dünyagörüşümün və vətəndaş mövqeyimin təməlində atamın mənə aşıladığı sözə ehtiram, elmə sədaqət və milli dəyərlərə bağlılıq dayanır. O dəyərlər isə öz qaynağını Nəsir İmanquliyev məktəbinin yüksək peşəkarlıq və mənəviyyat prinsiplərindən alır. Məhz bu mənəvi irs mənim Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirdiyim elmi və təşkilati fəaliyyətə də istiqamət verir.

Bu gün Akademiyada çalışan bir alim kimi sözün və informasiyanın məsuliyyətini daha dərindən dərk edirəm. Hesab edirəm ki, elmi nailiyyətlərin cəmiyyətə düzgün, operativ və peşəkar şəkildə çatdırılması müasir dövrdə milli mətbuatın mühüm missiyalarından biridir. Çünki elm yalnız laboratoriyalarda, institutlarda və elmi nəşrlərdə yaşamamalıdır. Onun nəticələri cəmiyyətə çatdırılmalı, insanlarda elmə maraq oyatmalı, ölkənin intellektual potensialını və elmi mühitini əks etdirməlidir. Bu baxımdan elmi jurnalistika milli mətbuatımızın məsuliyyətli və vacib istiqamətlərindən biridir.

Azərbaycan Milli Elmlər Akademiyasında bu missiyanın uğurla reallaşmasında məqsədyönlü, sistemli və ardıcıl fəaliyyət həyata keçirilib, elmi nailiyyətlərin geniş ictimaiyyətə dolğun şəkildə təqdim olunması, elmin təbliği və ölkənin baş elmi müəssisəsinin nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Akademiyanın mətbu orqanı olan “Elm” qəzeti ölkəmizdə elmi fikrin, akademik mühitin və alimlərimizin fəaliyyətinin təbliğində mühüm rol oynayıb. Bu ənənə müasir informasiya siyasəti ilə uğurla davam etdirilir.

Bu istiqamətdə uzun illər jurnalist, redaktor və təşkilatçı kimi səmərəli fəaliyyət göstərmiş, hazırda isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovun xidmətləri xüsusi qeyd olunmalıdır.

Bu gün Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin maarifçilik ideyaları, Nəsir İmanquliyevin yaratdığı peşəkarlıq məktəbi və bu məktəbin layiqli davamçılarının fəaliyyəti sayəsində öz şərəfli inkişaf yolunu davam etdirir. Bu yolun hər mərhələsində sözün gücünə, həqiqətin müdafiəsinə və cəmiyyət qarşısında məsuliyyət hissinə sadiq qalan qələm sahibləri yetişib.

İnanıram ki, sözün gücü zamanın fövqündə dayanır. Bəzən bir qəzet xalqın maariflənməsinə yol açır, bəzən bir jurnalistin qələmi bir insanın haqq səsinin eşidilməsinə səbəb olur, bəzən isə bir alim haqqında hazırlanan obyektiv xəbər cəmiyyətin elmə münasibətini dəyişir. Məhz buna görə jurnalistika yalnız informasiya vasitəsi deyil, həm də milli yaddaşı yaşadan, cəmiyyətin mənəvi dəyərlərini qoruyan və gələcək nəsillərə ötürən böyük bir missiyadır.