Azərbaycanın 4–12 yaşlı uşaqlardan ibarət “Nağılçı” Yaradıcılıq Atelyesi Finlandiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşanı uğurla təqdim edib.
“İki sahil” xəbər verir ki, mədəni səfər və tamaşalar “Nağılçı” Yaradıcılıq Atelyesi ilə Finlandiyadakı Azərbaycan Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
İlk tamaşa Espoo şəhərində yerləşən Lippulaiva kitabxanasının tədbir zalında nümayiş olunub. Tədbirdə 100-dən çox tamaşaçı iştirak edib. Balaca aktyorlar tamaşanı Azərbaycan və ingilis dillərində təqdim edərək Finlandiya ictimaiyyətinin böyük marağına səbəb olub və alqışlarla qarşılanıblar.
İkinci tamaşa isə Finlandiyadakı Azərbaycan Evində nümayiş etdirilib. Tədbirin sonunda iştirak edən uşaqlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Qonaqlar balaca aktyorların səhnə mədəniyyətini, istedadını və peşəkar çıxışlarını yüksək qiymətləndiriblər.
Layihənin ideya müəllifi və “Nağılçı” Yaradıcılıq Atelyesinin təsisçisi Günel İsmayılova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan mədəniyyətini, milli teatr irsini və ana dilini Finlandiyada tanıtmaq, uşaqların beynəlxalq səhnə təcrübəsi qazanmalarına şərait yaratmaq, eləcə də Azərbaycan ilə Finlandiya arasında mədəni əməkdaşlığın inkişafına töhfə verməkdir.
“Nağılçı” Yaradıcılıq Atelyesi 4–12 yaşlı uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, səhnə bacarıqlarının formalaşdırılması, xarici dil biliklərinin artırılması və inklüziv yaradıcılıq mühitinin təşviqi istiqamətində fəaliyyət göstərən sosial layihədir. Burada müxtəlif bacarıq və imkanlara malik uşaqlar birgə yaradır, öyrənir və səhnəni paylaşırlar. “Nağılçı” üçün hər tamaşa yalnız sənət hadisəsi deyil, eyni zamanda sosial təsir yaradan bir təşəbbüsdür.
Qeyd edək ki, tamaşalardan əldə olunan bilet gəlirlərinin bir hissəsi Azərbaycanın ucqar kəndlərində yaşayan uşaqların yaradıcılıq və kreativ bacarıqlarının inkişafına yönəldilir. Bu təşəbbüs çərçivəsində indiyədək ölkənin müxtəlif bölgələrində uşaqların yaradıcı inkişafına dəstək göstərilib. Son layihələrdən biri Zaqatala şəhərində yerləşən 6 nömrəli uşaq bağçasına, eləcə də rayonun iki ucqar kəndinə rəsm, əl işləri və digər yaradıcılıq fəaliyyətləri üçün ləvazimatların hədiyyə edilməsi olub.