Endi Börnem Böyük Britaniyanın baş naziri postunu təhvil almağa hazırlaşır. Kir Starmerin vidasından sonra leyboristlərin yeni lideri rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq. Buna qədər isə o, III Karl ilə görüşəcək. Hələ rəsmi mərasimdən əvvəl Börnem bir neçə iddialı bəyanat verib. Bunların arasında siyasi sistemin yenidən qurulması və yaxın vaxtlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi var. Lakin xarici KİV-lər yeni baş nazirin bu vədləri yerinə yetirə biləcəyinə şübhə edir.
“İki sahil” xəbər verir ki, 56 yaşlı Endi Börnem Dauninq-stritə hakim Leyboristlər Partiyası üçün açıq-aşkar çətin bir dövrdə gəlir. "Survation" agentliyinin məlumatına görə, partiyanın reytinqi immiqrasiya əleyhinə kəskin mövqeyi ilə tanınan Naaycel Faracın rəhbərlik etdiyi sağ-populist "Reform UK" partiyası ilə bərabərləşib. "Politico" nəşrinin sorğusuna əsasən isə leyboristlər artıq ikinci yerə geriləyiblər.
"Reuters" agentliyi yazır ki, hakim partiyaya münasibətdə mənfi dinamika bir ildən çoxdur müşahidə olunurdu və bu tendensiyanı məhz keçmiş səhiyyə naziri və Mançesterin meri Endi Börnem qırmalıdır. O, hazırda leyboristlər arasında ən populyar siyasətçidir. "YouGov" analitik şirkətinin araşdırmasına görə, britaniyalıların üçdə birindən çoxu onun fəaliyyətini bəyənir. Lakin bu, Börnemə uğur qazanmağı zəmanət etmir.
Yeni baş nazir ölkəni yenidən quracağını bəyan edib və leyboristlərin lideri seçilməsini "son 40 ildə siyasətdə baş verən ən mühüm hadisə" adlandırıb. "Reuters"in yazdığına görə, Börnem dərhal islahatlara başlayacaq - məsələn, vergi siyasətinə yeniden baxacaq və dövlət xərclərini artıracaq.
"The Guardian" qəzetinin rəyini öyrəndiyi ekspertlər qeyd edirlər ki, hər bir yeni baş nazir sonda çevik olmayan dövlət maşınının girovuna çevrilir. Onların sözlərinə görə, tammiqyaslı dəyişikliklər üçün yalnız qətiyyətli olmaq kifayət etmir. Börnemin verdiyi vədlərin demək olar ki, hər birini yerinə yetirmək üçün büdcədən milyardlarla funt-sterlinq tələb olunacaq. Bu səbəbdən yeni hökumət başçısı tezliklə sələfi kimi məcburi olaraq vergiləri qaldırmalı olacaq.
Oxşar qiymətləndirməni "Financial Times" da verir. Nəşr göstərir ki, Starmerin dövründə müdafiə xərclərində kəskin artım baş verib və Börnem ciddi xarici siyasi nəticələr olmadan bu xərcləri azalda bilməyəcək. Eyni zamanda, yeni baş nazir artıq bəyan edib ki, Londonun Ukrayna və NATO-ya münasibətdə xarici siyasət kursu dəyişməyəcək.
İndi əsas sual Börnemin hökumətə rəhbərlik edəcəyi ilk 100 gündə balansı tapa bilib-bilməyəcəyidir. Mahiyyətcə, Leyboristlər Partiyası ən çətin siyasi imtahanlardan birini verməli olacaq.