19 iyul 2026 14:53
210

Çindəki konfransda Azərbaycanın İpək yolu boyunca ədəbi əlaqələrin formalaşmasındakı rolundan danışılıb

Pekin şəhərində Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Çin Ədəbiyyatı Konqresi adlı beynəlxalq elmi konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, mötəbər tədbirdə Çinin aparıcı elm və ali təhsil müəssisələrini təmsil edən yüzdən artıq alim, həmçinin Azərbaycan, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tədqiqatçılar iştirak ediblər. Konfrans müxtəlif ölkələrin alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsi, ədəbiyyatşünaslıq sahəsində aktual məsələlərin müzakirəsi və mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm platforma olub.

Azərbaycanı konfransda Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev təmsil edib. O, “Qədim və müasir İpək yolu üzərində Azərbaycanın ədəbi əlaqələri: Azərbaycan ədəbiyyatında Çin motivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi mövqeyinin qədim İpək yolu boyunca mədəni və ədəbi əlaqələrin formalaşmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.

Bildirilib ki, Çin motivləri Azərbaycan ədəbiyyatında hələ şifahi xalq yaradıcılığı dövründən etibarən öz əksini tapıb, klassik və müasir ədəbi nümunələrdə davamlı şəkildə yaşadılaraq iki xalq arasında tarixi-mədəni münasibətlərin zəngin irsini əks etdirib.

Konfrans çərçivəsində Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun hazırladığı “Çin xarakterli müasirləşmə və yeni kütləvi incəsənət və ədəbiyyat” adlı kitabın təqdimat mərasimi də keçirilib. Təqdimatda nəşrin müasir Çin ədəbiyyatı və incəsənətinin inkişaf istiqamətlərinin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb.