18 iyul 2026 20:00
138

Hakerlər Keniya prezidentinin saytını ələ keçirdilər: Vaxt və şərt qoyuldu

Keniya Prezidenti Uilyam Rutonun rəsmi saytı kiberhücuma məruz qalıb. Hakerlər saytı ələ keçirərək 319 min ABŞ dollarına ekvivalent olan beş "Bitcoin" məbləğində pul tələb ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə kenyans.co məlumat yayıb.

Ölkə başçısının saytının əsas səhifəsində ənənəvi rəsmi xəbərlərin yerini dövlət rəhbərini nüfuzdan salan mesaj, kriptovalyuta hesabının nömrəsi tutub. Kibercinayətkarlar irəli sürdükləri şərtlərin saat 18:00-dək icra olunmayacağı halda bəzi məxfi detalları ictimailəşdirəcəkləri barədə xəbərdarlıq ediblər.

"Haqqınızda olan bütün detalları ifşa etməzdən əvvəl bu, sizə ünvanlanan üçüncü xəbərdarlıqdır. Göstərilən hesabımıza 5 "Bitcoin" göndərin", - deyə hakerlərin bəyanatında vurğulanır.

Məqalədə qeyd olunur ki, ölkə rəhbərliyi saytın sındırıldığını rəsmən təsdiqləyib. Hazırda informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssislər qrupunun problemi aradan qaldırmaq üçün çalışdığı bildirilib.