27 sentyabr 2026 16:41
80

Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb

Hindistan ilə Nepalda daşqınlar və torpaq sürüşmələri nəticəsində 70 nəfər həlak olub, 11 nəfər itkin düşmüş sayılır.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarının son məlumatlarına istinadən məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 25-dən 27-si səhərədək Hindistanın şimalındakı Uttar-Pradeş ştatında norma 7,6 mm olduğu halda 66,5 mm yağıntı düşüb. Hindistanda ölənlərin sayı 56 nəfərə çatıb, daha 46 nəfər xəsarət alıb, 1000-dən çox evə ziyan dəyib.

Nepalın Energetika Nazirliyinin məlumatına görə, Mananq, Mustanq, Myaqdi və Baqlunq dairələrində elektrik enerjisinin verilişi tamamilə pozulub. Son hesabata əsasən, əlverişsiz hava şəraiti nəticəsində 14 nepallı həlak olub.