"Moody's Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın reytinqlərini, o cümlədən uzunmüddətli emitent reytinqini sabit proqnozla Baa3 səviyyəsində təsdiqləyib.
“İki sahil” xəbər verir ki, "SOCAR-ın reytinqi şirkətin ba2 səviyyəsində baza kredit qiymətləndirməsini, Azərbaycan hökumətinin Baa3 reytinqini, SOCAR ilə dövlət arasında çox yüksək asılılığın olmasını, həmçinin maliyyə çətinlikləri yaranacağı təqdirdə dövlət dəstəyinin göstərilməsi ehtimalının yüksək olmasını əks etdirir", – deyə "Moody's"in hesabatında bildirilir.
Agentliyin qiymətləndirməsinə görə, SOCAR-ın baza kredit qiymətləndirməsi şirkətin Azərbaycanın neft-qaz sektorunda mühüm rolunu və milli iqtisadiyyat üçün strateji əhəmiyyətini, sabit maliyyə nəticələrini, güclü kredit göstəricilərini, eləcə də əhəmiyyətli maliyyə ehtiyatlarına malik və zərurət yarandıqda şirkətə maliyyə dəstəyi göstərə bilən hökumətlə sıx əlaqələrini əks etdirir.
Bununla yanaşı, agentlik şirkətin kredit profilini məhdudlaşdıran bir sıra amillərə də diqqət çəkib.
"SOCAR-ın reytinqi, həmçinin karbohidrogen hasilatının həcminin azalmasını, birləşmə və satınalmalar sahəsində artan fəallığı, korporativ idarəetmənin xüsusiyyətlərini, neft qiymətlərindəki dəyişkənliyə məruz qalmanı və şirkətin biznes fəaliyyətinin əsasən Azərbaycanda təmərküzləşməsini nəzərə alır", – deyə agentliyin hesabatında qeyd olunub.
Reytinq üzrə sabit proqnoz "Moody's"in SOCAR ilə dövlət arasında möhkəm əlaqələrin qorunub saxlanacağına, həmçinin şirkətin orta müddətli perspektivdə dayanıqlı maliyyə göstəricilərini təmin etmək qabiliyyətinə dair gözləntilərini əks etdirir.
Qeyd edək ki, SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, Azərbaycanda sənaye müəssisələrinin və əhalinin, eləcə də Avropanın təbii qazla təchizatı ilə məşğuldur.