18 iyul 2026 12:42
78

Media: Türkiyənin böyük şirkətləri “Elektrik TANAP” layihəsinə qoşulub

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi genişmiqyaslı yaşıl enerji dəhlizi layihəsi çərçivəsində Azərbaycandan Bolqarıstana elektrik enerjisinin tədarükünə fəal hazırlıq işlərini davam etdirir.

“İki sahil” “Türkiye” qəzetinə istinadla xəbər verir ki, Ankarada “Elektrik TANAP” adlandırılan təşəbbüs çərçivəsində hazırlıq prosesi elektrik şəbəkələrinin tutumunun artırılmasından tutmuş enerji birjalarının hazırlanmasına, transsərhəd ticarət məsələlərinin həllinə və bazarların tənzimlənməsinə qədər bir çox istiqamətlərdə eyni vaxtda aparılır.

Nəşrin məlumatına görə, Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirmək və ekoloji cəhətdən təmiz bərpaolunan enerjinin birbaşa ötürülməsini təmin etmək məqsədi daşıyan fiziki marşrutun formalaşmasına dövlətə məxsus TEİAŞ elektrik şəbəkəsi korporasiyası qoşulub.

TEİAŞ iştirakçı ölkələrin elektrik şəbəkəsi operatorları ilə texniki koordinasiyanı dəstəkləyir. Məqsədlərdən biri elektrik birləşdiricilərinin - şəbəkələrarası enerji axınlarını asanlaşdıracaq yüksəkgərginlikli elektrik xətlərinin yaradılmasıdır.

Layihəyə Türkiyənin EPİAŞ enerji birjası və Türkiyə Enerji Bazarını Tənzimləmə İdarəsi (EPDK) da cəlb olunub.

“Beləliklə, elektrik enerjisi mübadiləsi şəbəkələrinin təkmilləşdirilməsi ilə yanaşı, EPİAŞ xətti ilə genişmiqyaslı təşəbbüs üçün kommersiya bazası yaradılır”, - deyə nəşr Türkiyənin hazırda əməliyyat həcminə görə Avropada üçüncü ən böyük elektrik enerjisi birjasına malik olduğunu xatırladaraq qeyd edir.

Nəhayət, EPDK elektrik enerjisi ticarəti üçün hüquqi çərçivənin hazırlanması kontekstində təşəbbüsə töhfə verir. Bu təşkilat Türkiyənin iştirak etdiyi beynəlxalq layihələrdə fəal rol oynayır.

“Beləliklə, “Elektrik TANAP” layihəsi sayəsində Türkiyə təkcə neft və qaz deyil, həm də regionda elektrik enerjisi üçün təchizat dəhlizinə çevrilməyə hazırlaşır və qlobal enerji ticarət bazarındakı mövqeyini gücləndirir”, - deyə qəzetdə bildirilir.