18 iyul 2026 09:13
85

Böyük Britaniyada yüz minlərlə insan artıq çəki səbəbindən əmək fəaliyyətindən kənarda qalıb

Böyük Britaniyada yüz minlərlə sakin artıq çəki və piylənmə ilə bağlı problemlər səbəbindən işləyə bilmir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" nəşri York Universitetinin apardığı araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Araşdırma çərçivəsində 284 mindən çox könüllünün məlumatları təhlil edilib. Tədqiqat üçün istifadə olunan məlumatlar Böyük Britaniyanın ən iri tibbi məlumat bazası olan "UK Biobank"dan götürülüb.

Məlumata görə, ölkədə 15 milyondan artıq insan artıq çəkidən əziyyət çəkir. Onların təxminən 4 faizi məhz piylənmə səbəbindən əmək fəaliyyətini davam etdirə bilmir.

Tədqiqatın nəticələrinə əsasən, Böyük Britaniyada 600 mindən çox insan artıq çəki ilə əlaqədar işləmək imkanını itirib.

Araşdırma həmçinin göstərib ki, artıq çəki səbəbindən əmək bazarını tərk edən kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.

Məqalədə qeyd olunur ki, piylənmə hallarının artması ölkə iqtisadiyyatı üçün əlavə maliyyə yükü yarada bilər. Bildirilir ki, piylənmə diaqnozu qoyulmuş işçilər normal çəkiyə malik şəxslərlə müqayisədə iki dəfə daha çox xəstəlik məzuniyyətindən istifadə edirlər.