Çin və Pakistan ABŞ ilə İran arasında hərbi əməliyyatların dərhal dayandırılmasına və sülh danışıqlarının bərpa olunmasına çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin Şanxay şəhərində keçirilən görüşün yekunlarına dair yaydığı bəyanatda bildirilir ki, hər iki ölkə münaqişə tərəflərinin qısa zamanda dialoq masasına qayıtmasının tərəfdarıdır.
Sözügedən bəyanat Çinin xarici işlər naziri Van İ ilə Şanxayda səfərdə olan pakistanlı həmkarı (həmçinin Baş nazirin müavini) Məhəmməd İshaq Dar arasındakı ikitərəfli görüşdən sonra açıqlanıb.
"Tərəflər münaqişə iştirakçılarını düşmənçilik hərəkətlərini dərhal dayandırmağa, mövcud çətinlikləri və maneələri dəf etməyə, təmasları və dialoqu bərpa edərək danışıqlar yolu ilə hərtərəfli sülh sazişinin bağlanmasına çalışmağa çağırıblar", - deyə Çin XİN-in rəsmi məlumatında vurğulanır.
Çinin baş diplomatı Van İ qeyd edib ki, Vaşinqton və Tehran arasında əldə olunmuş ilkin mərhələyə dair İslamabad anlaşma memorandumu böyük çətinliklərlə ərsəyə gəlib. Çinli nazirin sözlərinə görə, qlobal təhlükəsizlik naminə bu tarixi şans əldən verilməməlidir.