16 iyul 2026 15:46
90

Britaniyada "TikTok"a qarşı genişmiqyaslı araşdırma başlayıb

Böyük Britaniyanın media bazarı üzrə tənzimləyici qurumu "Ofcom", məşhur qısa videolar platforması "TikTok" platformasına qarşı rəsmi araşdırmaya başlayıb. Bu addım sosial şəbəkədə uşaqların psixi və mənəvi sağlamlığına zərər vura biləcək kontentlərin asanlıqla əlçatan olması şübhələri fonunda atılıb.

“İki sahil” xəbər verir ki, bu barədə tənzimləyici qurumun saytı məlumat yayıb.

Qeyd edək ki, "Ofcom" cari ilin may ayında sosial şəbəkədə ilkin yoxlamalar həyata keçirmişdi. Həmin vaxt tənzimləyici qurum "TikTok" platformasının təhlükəsizlik sistemini sərt tənqid edərək rəhbərliyi "uşaqların internetdə təhlükəsizliyinin təmin olunması istiqamətində daha qətiyyətli tədbirlər görməyə" çağırmışdı.

"Ofcom"-un Strategiya və Araşdırmalar üzrə direktoru Keyt Devis "BBC" telekanalına verdiyi müsahibəsində mövcud boşluqları belə izah edib: "Apardığımız müşahidələr göstərdi ki, bəzi sosial şəbəkələr tərəfindən tətbiq edilən yaş yoxlanışı üsulları və identifikasiya metodları kifayət qədər effektiv işləmir və azyaşlıların qadağan olunmuş kontentlərə çıxışına mane ola bilmir."

Tənzimləyici qurumdan bildirilib ki, başlanmış rəsmi təhqiqat prosesi təxminən üç ay davam edə bilər. "TikTok" şirkəti isə məsələyə dərhal reaksiya verərək qanunlara hörmətlə yanaşdıqlarını bəyan edib: "Şirkətimiz internetdə təhlükəsizlik haqqında qanunvericilik qarşısında öz öhdəliklərini tam yerinə yetirdiyinə əmindir. Biz bunu sübut etmək üçün 'Ofcom' tənzimləyici orqanı ilə tam və şəffaf şəkildə əməkdaşlıq edəcəyik."