Ukraynanın keçmiş xarici işlər naziri (1998-2000 və 2005-2007-ci illərdə) Boris Tarasyuk Ukrayna dövlətinin adının dəyişdirilərək "Rus" adlandırılması ideyasını dəstəklədiyini bəyan edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "RBC-Ukrayna" agentliyinə verdiyi müsahibədə bildirib.
"Bizdən heç kim adımızı dəyişməyi tələb etmir. Lakin əgər dəyişəsi olsaydıq, mən 'Rus' adını təklif edərdim", — deyə o, bildirib.
Tarasyuk vaxtilə Yunanıstan və Makedoniya arasında baş vermiş tarixi ad mübahisəsini və bu problemin həlli yolunu xatırladıb. O qeyd edib ki, əgər Avropa İttifaqı gələcəkdə üzvlük qarşılığında ölkənin adının dəyişdirilməsini şərt kimi irəli sürərsə, Ukraynanın adını "Rus" etmək ən doğru addım olar.
Ukraynanın adının dəyişdirilərək "Rus" qoyulması məsələsi ölkə gündəmində ilk dəfə deyil ki, qaldırılır. 2015-ci ildə Ukraynanın o zamankı prezidenti Petro Poroşenko "Orta əsrlər Avropa dövləti olan 'Rus-Ukrayna'nın qurucusu — Kiyev Böyük Knyazı Vladimir Velikinin xatirəsinin anılması haqqında" rəsmi fərman imzalamışdı. Bu fərmanla ölkədə 1000 il əvvəl Kiyev Böyük Knyazı Vladimir tərəfindən əsası qoyulmuş "Rus-Ukrayna" dövlətinin mövcudluğu konsepsiyası hüquqi olaraq rəsmiləşdirilmişdi.
Bu konsepsiya ilk dəfə ukraynalı tarixçi Mixail Qruşevski tərəfindən irəli sürülsə də, dünya elmi və akademik dairələrində ciddi dəstək qazanmayıb.