15 iyul 2026 13:06
90

İsrail ABŞ-ın İranın nüvə problemindən diqqətini yayındırmasından narahatdır

İsrail rəhbərliyi ABŞ-ın Hörmüz boğazındakı böhranı həll etmək cəhdləri fonunda cari münaqişədə yəhudi dövləti üçün əsas məsələ sayılan İranın nüvə proqramının tənzimlənməsindən imtina edə biləcəyindən ciddi narahatlıq keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "Al-Monitor" portalı İsrail hökumətindəki etibarlı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, Vaşinqton son həftələrdə İranın nüvə probleminin həllinə heç bir maraq nümayiş etdirmir. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bu məsələdə Vaşinqtonun fəaliyyətsizliyi ilə bağlı narahatlığını dəfələrlə ifadə edib.

"Hazırda bütün diqqət yalnız Hörmüz boğazına yönəlib. Heç kim nüvə problemindən danışmır. Bu, bizim üçün ssenarilərin ən pisidir. Netanyahu Trampı dəfələrlə inandırmağa çalışsa da, hələlik heç bir nəticə əldə olunmayıb", - deyə portalın həmsöhbətlərindən biri bildirib.

"Al-Monitor" qeyd edir ki, Netanyahu iyulun 19-da Trampla danışıqlar aparmağı və Amerika liderini diqqəti yenidən İranın nüvə və raket proqramlarına yönəltməyə razı salmağı planlaşdırır.