14 iyul 2026 02:10
104

CNN: Tramp Lindsi Qremin Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar paketini dəstəkləyəcək

ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qremin Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar paketinin qəbulunu dəstəkləyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə bazar ertəsi CNN-ə Ağ Evin nümayəndəsi bildirib.

Qeyd olunur ki, bu müsbət siqnal Qremin gözlənilməz ölümündən bir müddət sonra gəlir. Bu, Cənubi Karolina senatorunun uzun illər üzərində işlədiyi ikipartiyalı qanun layihəsinin qəbul edilməsinə yol açacaq.

Qrem və demokrat senator Riçard Blumental əvvəllər administrasiyanın paketi dəstəkləməyə hazır olduğunu bildirmişdilər, cümə günü uzun danışıqlardan sonra razılığa gəldiklərini açıqlamışdılar. Lakin o zaman Trampın qanun layihəsini birbaşa dəstəkləyib-dəstəkləməyəcəyi bəlli deyildi, çünki Prezident dəfələrlə onu tənqid etmiş və öz mülahizəsinə əsasən sanksiyalar tətbiqi üçün daha geniş səlahiyyətlərə ehtiyac duymuşdu.

Senatdakı çoxluğun lideri Con Tyun bazar ertəsi Ağ Evin sənəd üzərində Qremlə sıx əməkdaşlıq etdiyini və CNN-ə nikbin olduğunu bildirib.

"Bunun üçün həm demokratlar, həm də respublikaçıların səyləri tələb olunur, amma ümid edirəm ki, biz bunu bacara bilərik", - o deyib.

C.Tyun qeyd edib ki, Qremin son günlərində sanksiyalar paketi onu ən çox maraqlandıran məsələ idi və bu, şübhəsiz ki, onun inanılmaz mirası olacaqdı.

Qeyd olunur ki, sanksiyalar paketi Trampın Rusiya nefti, uranı və təbii qazı alan ölkələrdən idxala yüksək tariflər tətbiq etməsinə yol açacaq və məqsəd Ukraynaya qarşı müharibə fonunda Moskvanı daha da zəiflətmək olacaq.

"Bunu senator Qremə layiqli bir ehtiram kimi qiymətləndirmək lazımdır - onun şərəfinə bunu tez etməliyik. Onunla son dəfə həftəsonu məhz bu barədə danışmışdıq", - Blumental deyib.