10 iyul 2026 20:59
93

Səfir: Kolumbiya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi görür

Kolumbiya Azərbaycanı Cənubi Qafqaz və Avrasiya regionunda mühüm tərəfdaş kimi nəzərdən keçirir və münasibətləri möhkəmləndirməyə davam edəcəyinə ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo Kolumbiyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.

Diplomat qeyd edib ki, 1994-cü il dekabrın 13-ü diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Bakı və Boqota qarşılıqlı hörmət, konstruktiv dialoq və ümumi maraqlara əsaslanan dostluq münasibətləri qurublar.

"2014-cü ildə Kolumbiyanın Bakıda səfirliyinin açılması bu prosesdə mühüm mərhələ oldu", - o vurğulayıb.

Səfirin sözlərinə görə, 2011-ci ildən ölkələr arasında səmərəli siyasi məsləhətləşmələr mexanizmi fəaliyyət göstərir və bu məsləhətləşmələrin altıncı raundu bu ilin aprelində Bakıda keçirilib. Bundan əlavə, konsulluq məsləhətləşmələri mexanizmi də fəaliyyət göstərir.

"Mədəniyyət və təhsil xalqlarımızı birləşdirən ən möhkəm körpülər olaraq qalır. Uzun illərdir ki, səfirlik sərgilər, ədəbi tədbirlər, konsertlər və akademik proqramlar təşkil edərək Azərbaycanda Kolumbiya ədəbiyyatını, musiqisini və ispan dilini fəal şəkildə təbliğ edir. 2026-cı ilin iyun ayında Azərbaycan diplomatları və dövlət qulluqçuları üçün ispan dili üzrə artıq 14-cü illik kurslara start verilib. Bu il həmçinin kolumbiyalı tələbələrin Azərbaycanda təhsil almaq marağı artıb. 2025-ci ildə biz dövlət xidmətləri və sosial innovasiyalar sahəsində ASAN agentliyi ilə uğurla inkişaf edən əməkdaşlığa başladıq. Bundan əlavə, parlamentlərimiz arasında möhkəm əlaqələr qurulub", - səfir bildirib.

Nelsi Rakel Munar Xaramiyo qeyd edib ki, oktyabrda kolumbiyalı yazıçılar, şairlər, redaktorlar və naşirlər Azərbaycana səfər edəcəklər.

"Dekabrda biz səfirliyin ən irimiqyaslı mədəni təşəbbüslərindən birini - Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Kolumbiya musiqisi konsertini təqdim edəcəyik", - o əlavə edib.

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq çoxtərəfli müstəvidə də uğurla inkişaf edir:

"Kolumbiya və Azərbaycan bir-birini dəstəkləməyə davam edir və sülhün möhkəmləndirilməsi, dayanıqlı inkişaf, beynəlxalq hüquqa hörmət və təhlükəsizliyin təmin edilməsi naminə birgə çıxış edirlər. Biz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti bundan sonra da genişləndirmək niyyətindəyik".