10 iyul 2026 12:15
89

Hər 20 dəqiqədən bir 20 saniyə 6 metr uzağa baxmaq göz yorğunluğunu azaldır - Həkim-oftalmoloq

Son zamanlar insanlar arasında göz xəstəlikləri geniş yayılıb. Bu proses həm böyüklərdə, həm də uşaqlarda müşahidə olunur. Bu və ya digər suallarla Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu Günay Zeynalovaya müraciət etdik. Beləliklə, müsahibimiz Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu Günay Zeynalovadır.

Günay Zeynalova ali təhsilini Azərbaycan Tibb Universitetində, rezidentura təhsilini isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində alıb. 2017-ci ildən oftalmologiya sahəsində çalışır. Hazırda Respublika Klinik Xəstəxanasında həkim-oftalmoloq kimi fəaliyyət göstərir. O, bir çox yerli və xarici konfranslarda məruzəçi kimi iştirak edib. Rusiya, Hindistan, Turkiyədə ixtisası ilə bağlı uzunmüddətli kurslarda olub.

-Göz həkimi olmaq fikrinə nə vaxtdan düşmüşdünüz?

-Bu seçimimdə ailəmin təsiri böyük olub. Hər iki valideynim həkimdir. Uşaqlıqdan onların işinə maraqla baxardım. Evdə tibblə bağlı söhbətlərin olması məndə bu sahəyə xüsusi bir yaxınlıq yaratmışdı. Bağçada və məktəbdə keçirilən tədbirlərdə həkim rolunu həmişə həvəslə oynayırdım. Zaman keçdikcə bu maraq daha da ciddiləşdi və gələcək peşə seçimimə çevrildi.

-İlk xəstəniz və yaxud ilk əməliyyatınız yadınızdadırmı?

-Pasiyentlərimin çoxu yaddaşımdadır. Onlarla yalnız müalicə prosesi zamanı deyil, sonradan da əlaqə saxlayırıq. Hətta bir çoxunun nömrəsi telefonumda var. Zəng edəndə adları ilə müraciət etməyim onları çox sevindirir və bu, aramızda daha səmimi münasibət yaradır.

İlk əməliyyatım isə 2020-ci ildə olub. İlk dəfə cərrahi alətləri əlimə alanda həm böyük həyəcan, həm də çox ciddi məsuliyyət hiss edirdim. O gün mənim üçün peşəkar həyatımda yeni bir mərhələnin başlanğıcı idi və heç vaxt yadımdan çıxmayacaq. Yeri gəlmişkən, işim yalnız xəstəliyi müalicə etməkdən ibarət deyil, eyni zamanda, pasiyentlərə göz sağlamlığını qorumağın nə qədər vacib olduğunu da izah etməyə çalışıram. Gündəlik praktikada müxtəlif yaş qruplarından olan insanlarla işləyirəm və hər birinə fərdi yanaşmağa üstünlük verirəm.

- Bu səviyyəyə çatmağınıza görə kimlərə minnətdarsınız?

-Ən əvvəl özümə, çünki bu yol uzun, məsuliyyətli və davamlı öyrənmə tələb edən bir yoldur. Valideynlərimin dəstəyi və inamı hər zaman mənə güc verib. Müəllimlərimin üzərimdə çox böyük əməyi var. Yalnız bilik deyil, həm də həkim etikası və pasiyentə yanaşmağı onlardan öyrənmişəm.

- Əməliyyat zamanı və ondan sonra hansı hissləri keçirirsiniz?

-Əməliyyat zamanı bütün diqqətim pasiyentdə olur. Hər şeyin ən yaxşı şəkildə keçməsi üçün maksimum fokuslanıram. Bu anlarda məsuliyyət hissi çox yüksək olur, çünki söhbət insanın görməsindən gedir. Əməliyyat uğurla bitəndə və pasiyentin sevincini görəndə isə bütün yorğunluq unudulur. Həmin an yaşanan məmnuniyyət və qürur hissi bu peşənin ən gözəl tərəfidir.

- Son illər əhali arasında göz xəstəlikləri artıb. Bu artım nə ilə əlaqədardır? Bəziləri bunu insanların vaxtlarının çoxunu kompüter qarşısında və mobil telefonla keçirmələri ilə izah edirlər. Bəs sizin fikrinizcə, bunun səbəbi nədir?

-Əslində xəstəliklərin sayı birdən-birə artmayıb. Sadəcə indi insanlar daha çox müayinəyə gəlirlər, diaqnostik imkanlar genişlənib, tibbi sığorta da bu prosesi asanlaşdırıb. Ona görə problemlər daha tez aşkarlanır. Digər tərəfdən, uzun müddət mobil telefon və kompüterlə məşğul olmaq xüsusilə uşaqlarda və gənclərdə, görmə problemlərinin artmasına səbəb olur. Açıq havada daha az vaxt keçirmək də bu prosesə təsir edən amillərdəndir. Üstünə irsi faktorlar da gələndə refraksiya qüsurları daha tez ortaya çıxır.

-Məktəbli uşaqların valideynləri övladlarının gözlərinin çox kitab oxumaqdan ağrıdığını bildirirlər. Son zamanlar eynək taxan, linza qoyan uşaqların da sayı artır. Bu barədə nə deyə bilərsiniz?

-Uşaqlarda əsas məsələ düzgün görmə vərdişlərinin formalaşdırılmasıdır. Düzgün oturuş, normal məsafə, yaxşı işıqlandırma çox vacibdir. Valideynlərə həmişə 20/20/20 qaydasını izah edirəm – hər 20 dəqiqədən bir 20 saniyə 6 metr uzağa baxmaq göz yorğunluğunu azaldır. Elektron cihazlardan istifadə mütləq nəzarət altında olmalıdır. Vaxtında aparılan oftalmoloji müayinə və düzgün optik korreksiya uşaqlarda görmə problemlərinin proqressiyasının qarşısını almağa kömək edir.

- Göz zəifliyinin yaşla hansısa əlaqəsi varmı?

-Bəli, yaş artdıqca yaxını görmənin zəifləməsi demək olar ki, hər kəsdə rast gəlinən təbii bir prosesdir. Bu, büllurun elastikliyinin azalması ilə bağlıdır. Pasiyentlər bunu xəstəlik kimi qəbul etsələr də, əslində bu fizioloji haldır və müvafiq eynəklə çox rahat şəkildə kompensasiya olunur.

-Bəzi hallarda insanlar həkimlə məsləhətləşmədən gün eynəyi alıb istifadə edirlər. Bu eynəklərin gözə mənfi təsirləri varmı?

-Keyfiyyətli, ultrabənövşəyi qoruyuculuğu olan gün eynəkləri gözləri zərərli şüalardan qoruyur və olduqca faydalıdır. Hətta bəzi tor qişa xəstəliklərində istifadəsi mütləq tövsiyə olunur. Lakin keyfiyyətsiz və ultrabənövşəyi qoruyuculuğu olmayan eynəklər əksinə, göz üçün zərərli ola bilər. Buna görə də gün eynəyi seçərkən mütəxəssis məsləhəti almaq vacibdir.

- Bir həkim kimi ölkəmizdə oftalmologiyanın inkişaf səviyyəsi barədə nələr deyə bilərsiniz?

-Son illər ölkəmizdə oftalmologiya sahəsində çox ciddi inkişaf müşahidə olunur. Müasir diaqnostik cihazların tətbiqi, yeni cərrahi texnologiyalar və beynəlxalq təcrübənin öyrənilməsi pasiyentlərə daha keyfiyyətli xidmət göstərməyə imkan verir. Bu inkişafın bir parçası olmaq isə ayrıca qürurvericidir.

-Yəqin gözlərinizə xüsusi qulluq edirsiniz? Bəs, nə vaxtsa öz gözünüzdə problem yaranıbmı? Onda kimə müraciət etmisiniz? Yəni gözlərinizi bu sahə üzrə inandığınız hansı həkimə etibar edərdiniz?

-Bəli, gözlərimə xüsusi diqqət yetirirəm. Hər gün sadə profilaktik tədbirlər edirəm: düzgün işıq altında oxumağa çalışıram, kompüterdə uzun saatlar işləyərkən fasilələr verirəm.

Hər hansı göz problemi ilə qarşılaşsam, əlbəttə ki, həmin sahədə inandığım və təcrübəsinə güvəndiyim bir həkimə müraciət edərəm. Mənim üçün əsas kriteriya həm bilik və bacarıq, həm də xəstəyə yanaşma, etibardır. Xoşbəxtlikdən, mənim tanıdığım və etibar etdiyim bir çox peşəkar həmkarlarım var ki, onlara öz göz sağlamlığımı rahatlıqla əmanət edə bilərəm.

-Eşitdiyimə görə, siz həm də poeziya həvəskarısınız. Sizdə poeziyaya həvəs haradan qaynaqlanır? Hansısa şeiriniz mətbuatda dərc olunubmu? Yaxud yazdıqlarınızı kitab halında nəşr etdirmək niyyətiniz varmı?      

-Bəli, poeziyaya xüsusi marağım var. Şeir mənim üçün daha çox daxili dünyamı ifadə etməyin, düşüncələrimi və hisslərimi sistemləşdirməyin bir formasıdır. Həkimlik peşəsi çox rasional və məsuliyyətli sahədir, poeziya isə bu mühitdə mənə mənəvi balans yaradan, ruhumu dinləndirən bir sahə kimi həyatımda yer tutur.

Uşaq yaşlarımdan yazmağa başlamışam. İlk şeirimi 4-cü sinifdə oxuyanda yazdığımı xatırlayıram. İbtidai sinif müəlliməsindən ayrılanda çox üzgün idim, hisslərimi misralarla bildirmişdim.

Hələlik yazdıqlarım mətbuatda dərc olunmayıb. Düzü, bu günə qədər əsas məqsədim onları çap etdirməkdən çox, yazmaq ehtiyacını yaşamaq olub. Amma yaxın gələcəkdə şeirlərimi bir kitab halında toplamaq fikri mənə çox doğmadır. Çünki hər yazı müəyyən bir həyat mərhələsinin izidir. Poeziyaya olan həvəsim konkret bir mənbədən deyil, daha çox müşahidədən, insanlara və həyata olan həssas münasibətdən qaynaqlanır. Bu, gündəlik həyatın ritmindən uzaqlaşıb özümlə baş-başa qalmağım üçün bir vasitədir.

Qvami Məhəbbətoğlu, “İkİ sahil”