07 iyul 2026 12:50
103

"Bild": Almaniyada terror aktı planlaşdıran Rusiya agentləri saxlanılıb

İyun ayının əvvəlində xüsusi təyinatlı dəstələr Almaniyanın rəsmi sorğusu əsasında Serbiya və Macarıstan sərhədində iki nəfəri həbs edib. Almaniya xüsusi xidmət orqanlarının qənaətinə görə, həmin şəxslər Rusiya kəşfiyyatının maraqları naminə fəaliyyət göstəriblər və ölkə ərazisindəki hərbi obyektlərin birində partlayış törətməyə hazırlaşırmışlar.

“İki sahil” xəbər verir ki,  bu barədə Almaniyanın nüfuzlu "Bild" qəzeti özünün gizli mənbələrinə istinadla məlumat yayıb.

Saxlanılan şəxslərin hansı ölkənin vətəndaşı olduqları hələlik ictimaiyyətə açıqlanmır. Nəşrin əldə etdiyi məlumata görə, bu şəxslər Ukrayna üçün silah və hərbi texnika istehsal edən bir neçə alman müəssisəsində bomba partlatmağı planlaşdırıblar. İlkin rəsmi ehtimallara görə, onlar peşəkar kəşfiyyat əməkdaşları olmayıblar. Almaniya kəşfiyyatı hesab edir ki, Rusiya tərəfi onları "nisbətən kiçik bir pul mükafatı" müqabilində terror aktları törətmək məqsədilə gizli şəkildə əməkdaşlığa cəlb edib.

Rusiya agentlərinin saxlanılması faktına Almaniyanın Daxili İşlər naziri Aleksander Dobrindt də təhlükəsizlik orqanlarının 2025-ci il üzrə hesabat məruzəsini oxuyarkən dolayısı ilə toxunub. Nazir öz çıxışında cari ildə Almaniyadakı strateji obyektlərdən birini hədəf alan böyük bir terror aktının qarşısının uğurla alındığını təsdiqləyib.

Almaniya Federativ Respublikasında rəsmi Moskvaya məxfi kəşfiyyat məlumatları ötürməkdə şübhəli bilinən daha bir neçə nəfər barəsində genişmiqyaslı istintaq hərəkətləri davam etdirilir. Alman xüsusi xidmət orqanlarının şübhəli qismində dindirdiyi şəxslər arasında Ukrayna və Qazaxıstan vətəndaşlarının da olduğu bildirilir.