2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq. Bu barədə “İki sahil”ə BDU-dan məlumat verilib.
Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi, regional inteqrasiya proseslərinin sürətlənməsi və beynəlxalq münasibətlər sistemində Türk dünyasının rolunun artması bu istiqamətdə yüksəkixtisaslı mütəxəssislərə olan tələbatı artırır. Bu baxımdan BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.
Yeni ixtisaslaşma Türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq mexanizmlərinin öyrənilməsini, türk dövlətlərinin xarici siyasət prioritetlərinin təhlilini, regional inteqrasiya proseslərinin araşdırılmasını və bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Magistrantlar Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətləri, türk dövlətlərinin xarici siyasət strategiyaları, regional təhlükəsizlik, inteqrasiya modelləri, beynəlxalq əməkdaşlıq mexanizmləri, iqtisadi və humanitar əlaqələrin inkişafı üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.
Tədris prosesində magistrantlara beynəlxalq münasibətlərin müasir nəzəriyyələri, regional inteqrasiya modelləri və diplomatik təcrübə əsasında analitik araşdırmalar aparmaq, beynəlxalq layihələrdə iştirak etmək, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq və müasir çağırışlara uyğun peşəkar bacarıqlar formalaşdırmaq imkanı yaradılacaq.
“Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” ixtisaslaşmasının məzunları dövlət qurumlarında, diplomatik nümayəndəliklərdə, beynəlxalq və regional təşkilatlarda, analitik mərkəzlərdə, elmi-tədqiqat institutlarında, ali təhsil müəssisələrində və Türk dünyası ilə bağlı layihələrin həyata keçirildiyi müxtəlif platformalarda uğurla fəaliyyət göstərə biləcəklər.
Yeni ixtisaslaşma Türk dünyasında inteqrasiya proseslərinin elmi əsaslarla öyrənilməsinə, regional əməkdaşlığın daha da möhkəmləndirilməsinə və beynəlxalq münasibətlər sahəsində müasir bilik və bacarıqlara malik yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.