03 iyul 2026 21:39
96

Bahar Muradova Autizm Mərkəzini ziyarət edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Autizm Mərkəzini ziyarət edib.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Komitə sədri autizmli uşaqlar üçün yaradılmış şərait, təhsil və reabilitasiya proqramları ilə tanış olub, onların sosial inteqrasiyasına yönəlmiş təlim prosesini izləyib.  Mərkəzin rəhbəri Aytən Eynalova bildirib ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən və 10 ildir fəaliyyət göstərən Autizm Mərkəzinin yeni binası 2021-ci il dekabrın 30-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Hazırda mərkəzlərdə 100-ə yaxın neyrofərqli şəxsə xidmət göstərilir, burada beynəlxalq təcrübəyə əsaslanan Tətbiqi Davranış Analizi (ABA Therapy) metodundan istifadə olunur. Eyni zamanda, yüzlərlə mütəxəssis və könüllü üçün təlimlər təşkil edilib, bir sıra yerli və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurulub.

Səfər çərçivəsində autizmli gənclərin sosiallaşmasına və məşğulluğuna dəstək məqsədilə fəaliyyət göstərən “Kaşalata” kafesi və inklüziv atelye də ziyarət olunub. Bildirilib ki, Dəstəkli Məşğulluq Modeli çərçivəsində indiyədək 19 neyrofərqli şəxs işlə təmin edilib.

Bahar Muradova autizmli şəxslərin cəmiyyətə tamhüquqlu inteqrasiyasına xidmət edən bu cür təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.