03 iyul 2026 18:30
96

Rəqəmsal təhlükələrə qarşı yeni hüquqi addım

Müşfiq Ələsgərli: Sosial şəbəkələrin uşaqlara mənfi təsiri artıq müxtəlif akademik araşdırmalarla sübuta yetirilib

Rəqəmsal texnologiyalar son onillikdə insanların gündəlik həyat tərzlərini köklü şəkildə dəyişdirib. Xüsusilə sosial şəbəkə platformaları ünsiyyət, təhsil, əyləncə və informasiya əldə etməyin əsas vasitələrindən birinə çevrilib. Lakin bu inkişafla yanaşı, uşaqların rəqəmsal mühitdə qarşılaşdığı təhlükələr də əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Psixoloji təzyiq, kiberzorakılıq, zərərli və kiçik yaşa uyğun olmayan məzmun, şəxsi məlumatların təhlükəsizliyi, müxtəlif manipulyasiya üsulları və sosial media asılılığı son illər beynəlxalq təşkilatların, hökumətlərin və ekspertlərin diqqət mərkəzində olan əsas problemlər sırasındadır. Məhz bu səbəbdən dünyanın bir çox ölkələrində uşaqların sosial şəbəkələrdə fəaliyyətlərinə dair yeni hüquqi mexanizmlər hazırlanır, platformaların məsuliyyətinin artırılması və yaş məhdudiyyətlərinin tətbiqi istiqamətində qanunvericilik dəyişiklikləri həyata keçirilir.

Azərbaycan da bu istiqamətdə hüquqi tənzimləmələri gücləndirən ölkələr sırasına qoşulur. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanunvericilik dəyişiklikləri uşaqların sosial şəbəkələrdə qeydiyyatı zamanı yaşın yoxlanılması mexanizminin tətbiqini nəzərdə tutur. Yeni tənzimləmənin əsas məqsədi sosial şəbəkələrdən istifadəni məhdudlaşdırmaq deyil, rəqəmsal platformaların yaratdığı risklər fonunda uşaqların fiziki, psixoloji və mənəvi inkişafının qorunmasını təmin etməkdir.

Sosial şəbəkələrdə uşaqlar üçün yeni hüquqi müdafiə mexanizmi

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, yaş yoxlaması tətbiq edilən sosial şəbəkə platformalarında 16 yaşına çatmamış uşaqların sosial media platformalarında hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş arasında olan yeniyetmələr isə yalnız valideynlərinin razılığı ilə həmin platformalarda qeydiyyatdan keçə biləcəklər. Bununla da sosial media platformalarında yaşın təsdiqlənməsi hüquqi öhdəliyə çevriləcək.

Yeni tənzimləmə sosial şəbəkələrə qadağa kimi qiymətləndirilmir. Əksinə, dəyişikliklərin mahiyyəti uşaqların yaşına uyğun olmayan rəqəmsal mühitin zərərli təsirlərindən qorunmasına yönəlmiş müdafiə mexanizminin yaradılmasıdır. Məqsəd uşaqların internetdən və ya texnologiyadan uzaqlaşdırılması deyil, onların psixoloji və fiziki inkişaf mərhələləri nəzərə alınaraq sosial şəbəkələrdən daha təhlükəsiz istifadə etmələrinin təmin edilməsidir.

Müasir dövrdə sosial şəbəkələr uşaqlar üçün yalnız ünsiyyət vasitəsi deyil. Bu platformalar onların dünyagörüşlərinə, davranış modellərinə, emosional vəziyyətlərinə, dəyərlərinə və sosial münasibətlərinə də birbaşa təsir göstərir. Alqoritmlərin tövsiyə etdiyi məzmunlar, dezinformasiya, zorakılığı və aqressiyanı təşviq edən paylaşımlar, müxtəlif çağırışlar, kiberzorakılıq halları və rəqəmsal asılılıq uşaqların sağlam inkişafına mənfi təsir göstərə bilir. Yeni hüquqi mexanizm də məhz bu risklərin minimuma endirilməsi məqsədi daşıyır.

Dövlət tərəfindən həyata keçirilən bu addım uşaqların müdafiəsi istiqamətində tətbiq olunan sosial siyasətin davamı hesab olunur. Tənzimləmənin əsas ideyası uşaqları rəqəmsal mühitdən təcrid etmək deyil, onların yetkinlik yaşına çatana qədər sosial media platformalarında qarşılaşa biləcəkləri təhlükələrdən qorumaq, daha sonra isə valideyn nəzarəti və razılığı ilə rəqəmsal platformalarda iştirakını təmin etməkdir. Bunun uşaqların sağlam şəxsiyyət kimi formalaşmasına, düzgün davranış modelinin yaranmasına və rəqəmsal təhlükəsizlik bacarıqlarının inkişafına töhfə verəcəyi gözlənilir. Qanunvericilik təşəbbüsü, eyni zamanda, ailənin bu prosesdə rolunu da gücləndirir. Belə ki, 16-18 yaş arasında olan yeniyetmələrin sosial şəbəkələrdə qeydiyyatı valideyn razılığı ilə mümkün olacaq. Bu yanaşma valideynlərin uşaqlarının rəqəmsal fəaliyyətinə daha yaxından nəzarət etmələrinə, onların internet mühitində təhlükəsiz davranış qaydalarını öyrənmələrinə və mümkün risklərin qarşısının vaxtında alınmasına şərait yaradacaq.

Məsələyə hüquqi baxımdan yanaşıldıqda, bu yanaşma Azərbaycan Respublikasının qanunvericiliyində yeni prinsip hesab olunmur. Hazırda da uşaqların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə müxtəlif yaş məhdudiyyətləri tətbiq edilir. Belə ki, azyaşlılara siqaret və alkoqollu içkilərin satışı qadağandır, onların soyuq silah əldə etməsinə və pornoqrafik məzmunlara çıxışına hüquqi məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətlər uşaqların hüquqlarını məhdudlaşdırmaq üçün deyil, onların sağlam inkişafını təmin etmək məqsədi daşıyır. Yeni dəyişiklik də eyni hüquqi məntiqə əsaslanaraq rəqəmsal mühitdə tətbiq edilir.

Qeyd edək ki, Azərbaycan bu sahədə hüquqi bazanı artıq bir neçə il əvvəl formalaşdırmağa başlamışdı. Belə ki, 2018-ci ildə qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin olunmasını və onların zərərli informasiyadan müdafiəsini nəzərdə tuturdu. Hazırda qəbul edilən dəyişikliklər həmin hüquqi mexanizmin sosial şəbəkələri də əhatə edən yeni mərhələsi kimi qiymətləndirilir.

Beynəlxalq təcrübədə yaş məhdudiyyətləri genişlənir

Son illər dünyanın bir çox ölkələrində də oxşar problemlər fonunda sosial media platformalarının uşaqlara təsiri ciddi narahatlıq doğurur. Bu səbəbdən müxtəlif dövlətlər yaş məhdudiyyətlərinin tətbiqi və platformaların məsuliyyətinin artırılması istiqamətində qanunvericilik təşəbbüsləri ilə çıxış edirlər.

2025-ci ilin dekabrında Avstraliya bu istiqamətdə qanun qəbul edib. Fransa isə 2026-cı ilin ilk aylarında Avropada uşaqların sosial şəbəkələrdə fəaliyyətinə yaş məhdudiyyəti tətbiq edən ilk ölkə olub. Danimarkada 18, İspaniyada 16, Fransada 15 yaş həddi ilə bağlı müxtəlif yanaşmalar müzakirə olunur. ABŞ-da federal səviyyədə 17 yaş həddi gündəmdədir, ayrı-ayrı ştatlarda isə fərqli yaş meyarları tətbiq edilir. Böyük Britaniyada "Online Safety Act", İrlandiyada isə "Online Safety Code" çərçivəsində uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirən mexanizmlər qüvvədədir. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan da analoji hüquqi tənzimləmələrin tətbiqi istiqamətində addımlar atır. Eyni zamanda, Qazaxıstan və Özbəkistanda da sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüsləri müzakirə olunur. Norveç isə 2026-cı ilin sonunadək sosial media platformalarında yaş məhdudiyyətlərinin tətbiqini planlaşdırır.

Nəzərə almaq lazımdır ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə uşaqların təhlükəsizliyinin təmin olunması yalnız ailənin deyil, dövlətin, cəmiyyətin və rəqəmsal platformaların da ortaq məsuliyyətidir. Bu baxımdan qəbul edilən yeni tənzimləmələr uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların sağlam inkişafı, təhlükəsiz rəqəmsal mühitdə böyüməsi və gələcəkdə sosial şəbəkələrdən daha məsuliyyətli istifadə etmələri üçün hüquqi zəmin yaradılması kimi qiymətləndirilir.

Platformalar və provayderlər üçün yeni məsuliyyət dövrü başlayır

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sosial şəbəkələrin uşaqlara mənfi təsiri artıq müxtəlif akademik araşdırmalarla sübuta yetirilib: “Tədqiqatlar göstərir ki, sosial şəbəkələr uşaqlarda psixoloji gərginliyin, asılılığın yaranmasına, eləcə də yanlış davranış meyillərinin, xüsusilə də kriminogen xarakterli hallara marağın formalaşmasına ciddi təsir göstərir. Bu risklərin qarşısının alınması məqsədilə dünyanın müxtəlif ölkələrində mühüm addımlar atılır. Həmin addımlar sırasında qanunvericiliyin təkmilləşdirilməsi xüsusi yer tutur. Artıq Avstraliya, İspaniya, İtaliya, Fransa və bir sıra digər ölkələrdə bu istiqamətdə qanunvericilik aktları qəbul edilib və onların müsbət nəticələr verdiyi müşahidə olunur. Sevindirici haldır ki, Azərbaycan parlamenti də azyaşlıların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi və onların rəqəmsal mühitdə qorunmasının gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atır.”

Qanunvericiliyin əsas üstünlüyünün uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması üçün konkret hüquqi mexanizmlər müəyyənləşdirməsi olduğunu vurğulayan Müşfiq Ələsgərli burada əsasən üç istiqamət nəzərdə tutulduğunu qeyd etdi: “Birinci istiqamət təhsil müəssisələri ilə bağlıdır. Qanun təhsil müəssisələrinin üzərinə bu sahədə maarifləndirmə işinin aparılması, uşaqlarda təhlükəsiz internet və sosial şəbəkələrdən istifadə bacarıqlarının formalaşdırılması, eləcə də zərərli məzmun və risklərdən qorunmaq vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı öhdəliklər qoyur.

Ən mühüm yenilik isə sosial şəbəkə platformaları və provayderləri ilə bağlıdır. Yeni qanunvericilik onların qarşısında azyaşlıların sosial şəbəkələrdə zərərli məzmuna məruz qalmasının qarşısını almaq üçün effektiv qoruyucu mexanizmlər yaratmaq öhdəliyi müəyyən edir. Bu mexanizmlərin hansı istiqamətləri əhatə etməli olduğu qanunvericilikdə öz əksini tapıb. Bununla yanaşı, qanunvericiliyin tələblərinə əməl etməyən sosial şəbəkə provayderləri üçün məsuliyyət tədbirləri, o cümlədən cərimə mexanizmləri də nəzərdə tutulur. Bu, Azərbaycan qanunvericiliyində ilk belə təcrübədir. İlk dəfədir ki, sosial şəbəkə provayderlərinin üzərinə bu sahədə konkret hüquqi öhdəliklər qoyulur və onların məsuliyyəti müəyyən edilir. Bu yenilik həm hüquqi presedentin formalaşdırılması, həm də uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, qəbul olunan qanunvericilik aktı kifayət qədər təkmil hazırlanıb və onun effektiv tətbiqi nəticəsində Azərbaycanda uşaqların sosial şəbəkələrdə qarşılaşa biləcəyi zərərli informasiya və məzmunlardan daha etibarlı şəkildə qorunmasını təmin etmək mümkün olacaq.”

Şahnigar Əhmədova, “İki sahil”