02 iyul 2026 19:20
94

ADRA əməkdaşları Sankt-Peterburqda beynəlxalq tədbirlərdə iştirak ediblər

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən reklam sahəsinə həsr olunmuş beynəlxalq tədbirlərdə iştirak edib.

“İki sahil” xəbər verir ki, agentliyin Hüquq şöbəsinin müdiri Fərid Əfəndiyev və İnformasiya texnologiyaları şöbəsinin Proqram təminatı sektorunun müdiri Mahir Eyvazov “MDB ölkələrində reklam sahəsində özünütənzimləmənin inkişafının əsas problemləri. Beynəlxalq təcrübənin MDB ölkələrinə uyğunlaşdırılması” mövzusunda dəyirmi masaya, “Marketinq və kütləvi kommunikasiyalarda rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda açıq konfransa, həmçinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın yanında Reklam üzrə Koordinasiya Şurasının 28-ci iclasına qatılıblar.

Koordinasiya Şurasının iclasında Fərid Əfəndiyev Azərbaycanda reklam qanunvericiliyində həyata keçirilən yeniliklər və Rəqəmsal İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrası barədə məlumat verib. Mahir Eyvazov isə ADRA-da açıq məkanda reklam yerləşdirilməsinə icazələrin verilməsi prosesində ilk dəfə olaraq süni intellekt texnologiyalarının tətbiqinə başlanıldığını diqqətə çatdırıb. Agentliyin bu istiqamətdəki təcrübəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində ADRA nümayəndələri reklam sahəsində fəaliyyət göstərən xarici tənzimləyici qurumlar və özünütənzimləmə təşkilatlarının nümayəndələri ilə görüşlər keçirərək əməkdaşlıq perspektivlərini müzakirə edib, həmçinin MDB ölkələrinin bəzi reklam assosiasiyaları arasında reklam və marketinq kommunikasiyası üzrə model məcəllənin imzalanması mərasimində iştirak ediblər.