03 iyul 2026 11:30
102

Özəlləşdirmədə yeni mərhələ: Dövlət aktivləri iqtisadi dövriyyəyə daha səmərəli cəlb olunur

Əziz Mirzəyev: 2020–2025-ci illərdə özəlləşdirmədən dövlət büdcəsinə 650 milyon manata yaxın vəsait daxil olub, qeyri-neft sektoruna isə 100 milyon manata yaxın investisiya cəlb edilib

Dövlət əmlakının səmərəli idarə olunması və onun iqtisadi dövriyyəyə cəlb edilməsi müasir dövlət idarəçiliyinin, fiskal dayanıqlığın və dayanıqlı iqtisadi inkişaf strategiyasının mühüm komponentlərindən hesab olunur. Bu baxımdan dövlət əmlakının özəlləşdirilməsi yalnız mülkiyyət münasibətlərinin transformasiyası ilə məhdudlaşmır, eyni zamanda, investisiya fəallığının artırılmasına, sahibkarlıq mühitinin genişlənməsinə, rəqabət qabiliyyətinin gücləndirilməsinə, dövlət aktivlərinin daha məhsuldar istifadəsinə və iqtisadi resursların səmərəli bölgüsünə xidmət edən mühüm iqtisadi alət kimi çıxış edir.

Azərbaycanda son illərdə dövlət əmlakının idarə olunması sahəsində həyata keçirilən institusional və hüquqi islahatlar, rəqəmsallaşmanın geniş tətbiqi, özəlləşdirmə və icarə mexanizmlərinin təkmilləşdirilməsi bu istiqamətdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, özəlləşdirilən müəssisələrin fəaliyyətinin monitorinqi, dövlət balansında qalan aktivlərin idarə olunmasının optimallaşdırılması, əmlakın bazar prinsiplərinə uyğun qiymətləndirilməsi, eləcə də bütün proseslərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi həm iqtisadi siyasətin, həm də ictimai nəzarətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

Mövcud vəziyyət, əldə olunan nəticələr, qarşıda duran çağırışlar və dövlət əmlakının idarə olunması sahəsində nəzərdə tutulan perspektiv islahatlar barədə ətraflı məlumat almaq məqsədilə suallarımızı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Əziz Mirzəyevə ünvanladıq.

- Son illərdə dövlət əmlakının özəlləşdirilməsi prosesində hansı əsas nəticələr əldə olunub və bunlar iqtisadiyyata necə təsir göstərib?

-Son illərdə dövlət əmlakının özəlləşdirilməsi sahəsində müsbət nəticələr əldə olunub. 2020-2025-ci illərdə 4756 müəssisə və obyekt özəlləşdirilib, 65 Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhm zərfləri, habelə 1402 müəssisə və obyektin altında yerləşən 868 ha torpaq sahələri mülkiyyət formasını dəyişib, özəlləşdirmədən dövlət büdcəsinə 650 milyon manata yaxın vəsait daxil olub. Bir sıra sahələrdəki müəssisələrə özəl sektor cəlb olunmaqla dövlətin onlardakı iştirak payı azalıb, müasir korporativ idarəetmə qurulub, qeyri-neft sektorunda özəlləşdirilən müəssisələrə 100 milyon manata yaxın investisiya cəlb edilib.

Həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, “Azərkontrakt” ASC-nin, “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının, “Azalternativenerji” MMC-nin müəssisə və obyektlərinin bir qismi özəlləşdirməyə açılıb.

-Özəlləşdirilən müəssisələrin fəaliyyətinə nəzarət mexanizmləri necə qurulub və onların effektivliyi hansı göstəricilərlə ölçülür?

-Ölkə qanunvericiliyində dövlət mülkiyyətində olan müəssisələrə münasibətdə nəzarət və tənzimləmə mexanizmləri mövcuddur. Nümunə olaraq qeyd edək ki, investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələr üzərində nəzarət prosedurları müvafiq alqı-satqı müqavilələrində əksini tapır və müstəqil auditorların hazırladıqları hesabatların yoxlanılması vasitəsilə həyata keçirilir.

Özəlləşdirilmiş müəssisələr özəl sahibkarlıq subyektlərinə çevrildiyi üçün Xidmətin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Bəzi hallarda özəlləşdirmə prosesində müəssisələrin fəaliyyət profilinin saxlanılması tələbi qoyulduqda Xidmət həmin müəssisə və obyektlərin müvafiq profil üzrə fəaliyyət göstərməsi şərtinə əməl olunmasına nəzarət edir.

-Dövlət balansında qalan əmlakların idarə olunmasında hansı çətinliklər mövcuddur və bu problemlərin həlli üçün nə kimi addımların atılması planlaşdırılır?

-Xidmət tərəfindən idarə olunan bəzi dövlət aktivlərinin səmərəli istifadə edilmməsində obyektiv çətinliklər var. Buna qaçqın və məcburi köçkünlərin məskunlaşmasını, bəzi obyektlərin zəbt olunmasını, eləcə də obyektlərin ucqar ərazilərdə yerləşməsini aid etmək olar. Buna baxmayaraq, bu aktivlərin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində işlər davam etdirilir. Dövlət əmlakının qorunması və səmərəli istifadəsinə daim nəzarət olunur. Bu sahədə monitorinqlər aparılır və nəticələr aidiyyəti qurumlara göndərilir.

-Dövlət əmlakının icarəyə verilməsi mexanizmlərində son yeniliklər hansılardır?

-Son dövrlərdə dövlət əmlakının, xüsusilə dövlət torpaq sahələrinin icarəyə verilməsi mexanizmləri təkmilləşdirilib. Həyata keçirilən tədbirlər investisiya mühitinin yaxşılaşdırılmasına, sahibkarların maliyyə yükünün azaldılmasına və dövlət torpaqlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə yönəlib.

Nazirlər Kabinetinin 2026-cı il 8 may tarixli 138 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilib, dövlət torpaq sahələrinin illik icarə haqqının hesablanması zamanı güzəştli əmsallar tətbiq olunub.

Qeyd olunan dəyişikliklər iri həcmli torpaq sahələrinin icarəyə verilməsinin stimullaşdırılmasına xidmət edir.

Eyni zamanda, dövlət torpaqlarının icarəsi sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2020-ci ildə 789 icarə müqaviləsi üzrə 8,5 milyon manat illik icarə haqqı hesablandığı halda, 2025-ci ildə bu göstərici 12.900 müqavilə və 38 milyon manata çatıb.

-Dövlət əmlakının qiymətləndirilməsi hansı metodologiya əsasında aparılır və bu prosesdə şəffaflıq necə təmin edilir?

-Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq müstəqil qiymətləndiricilər tərəfindən aparılır.

Qiymətləndirmənin strategiyası və metodu qiymətləndirilən dövlət  əmlakının növündən, yerləşdiyi ərazidən, texnoloji xüsusiyyətindən, fəaliyyət göstərib-göstərməməsindən, istehsal gücündən və s. amillərdən asılı olaraq qiymətləndirici şirkət tərəfindən müəyyən edilir. Həmçinin özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq norma və standartlarından da istifadə oluna bilər.

-Gələcəkdə dövlət əmlakının idarə olunması sahəsində hansı islahatlar gözlənilir?

-Xidmət tərəfindən “Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Hazırda dövlət qurumları tərəfindən sözügedən layihəyə dair təqdim olunmuş yekun rəy və təkliflərə baxılır.

Sözügedən layihədə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində mövcud qanunvericiliyin, o cümlədən dövlət əmlakının dövlət müəssisə və təşkilatlarına verilməsi ilə bağlı hüquqi tənzimləmə prosedurunun təkmilləşdirilməsi nəzərdə tutulur.

Yaqut Ağaşahqızı, “İki sahil”