03 iyul 2026 12:44
103

Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib

Tədbirdə sahibkarlara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən qanunvericiliyin tələbləri və əyarlama xidməti barədə məlumat verilib, əyar damğası olmadan qiymətli metal məmulatlarının dövriyyəsinə görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Laçın Ticarət Mərkəzində zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Görüşün əsas məqsədi qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsi sahəsində qanunvericiliyin tələbləri barədə sahibkarların məlumatlandırılması, dövlət əyar nəzarəti sisteminin tətbiqinə dair izahların verilməsi, eləcə də bu sahədə qarşıya çıxan praktiki məsələlərin müzakirəsi olub.

Tədbir çərçivəsində iştirakçılara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, eləcə də sahibkarların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Əyarlama fəaliyyəti nəticəsində məmulatlara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları, onların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah olunub. Həmçinin əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəyə buraxılması hallarında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.