Rəsmi Dehli ehtiyac yaranacağı təqdirdə öz neft emalı gücləri hesabına Rusiya bazarına yanacaq tədarük edə biləcəyini bəyan edib.
Hindistan Rusiyaya birbaşa yanacaq tədarük etmir. Bunu ölkənin neft və təbii qaz naziri Hardip Sinqh Puri bildirib.
“İki sahil” xəbər verir ki, nazir bu açıqlaması ilə "Reuters" agentliyinin Rusiya tərəfinin Hindistandan dəniz yolu ilə benzin idxal etməyə başladığını iddia edən son xəbərinə münasibət bildirib.
Bununla belə, H. S. Puri Hindistan yanacağının Rusiyaya müstəqil treyderlər (vasitəçilər) vasitəsilə satılması ehtimalını istisna etməyib: "Əgər zərurət yaranarsa, Rusiyaya tədarük üçün potensial mövcuddur".
O, həmçinin xatırladıb ki, Hindistan neft emalı həcminə görə dünyada dördüncü ölkədir və vəziyyətin gedişatından asılı olaraq Rusiya Federasiyasına benzin tədarükünə başlaya bilər.
Xatırladaq ki, may ayının sonundan etibarən Rusiyada yanacaqdoldurma məntəqələrində (YDM) yanacaq təminatı ilə bağlı problemlər yaranıb. Ölkənin bir neçə onlarla regionunda benzinin satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.